iran ve israilde nukleer silah var mi turkiyede hava savunma sistemi var mi 1749798835382

Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində bildirib ki, bölgədəki yeni dövlətlər nüvə silahı əldə edərsə, Ankara da nüvə silahlanması yarışına qoşulmaq məcburiyyətində qalacaq. Onun sözlərinə görə, Türkiyə regional güc balansında kəskin dəyişikliklərin olmasında maraqlı deyil.

Fidan İranla problemli ölkələrin nüvə silahı əldə etməyə çalışması halıda, dünyada belə bir rəqabətin başlaya biləcəyini söyləyib.

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Fidanın bu açıqlaması ciddi mesajdır:

“Bəziləri bu mesajın İrana ünvanlandığını hesab edir. Lakin belə deyil, mesaj daha çox Qərbə ünvanlanıb. Aydın məsələdir ki, Qərb müsəlman ölkələrinin inkişafını və sabitliyini həzm etməkdə çətinlik çəkir. Hər hansı müsəlman ölkəsi onlardan üstün olmağa yaxınlaşarsa, Qərb tədbir görməyə çalışır. Biz bunu Liviyada, İraqda və digər ölkələrdə görmüşük. Hazırda İran üzərində tətbiq olunan təzyiqlər də məhz bu kontekstdə diqqət çəkir.

Türkiyə yaxşı başa düşür ki, İsrail regionda qeyri-sabit və təhlükəli siyasət yürüdür. Bu ölkənin hərbi-siyasi elitası hər zaman müharibə imkanlarını nəzərdən keçirir. Düzdür, bəzi hallarda geri çəkilmək məcburiyyətində qalırlar, lakin yenidən aqressivləşirlər. Öz növbəsində, İsrailin güclənməsində ABŞ yaxından iştirak edir. Hətta Con Kennedi ötən əsrin 60-cı illərində ABŞ prezidenti olanda demişdi ki, İsrail Vaşinqtonun okeanlarda batmayan gəmisidir”.

Tofiq Abbasov journalist
Tofiq Abbasov

Politoloq bildirib ki, İsrailin daxilində yeni bir yanaşma formalaşıb:

“Bu gün bəzi siyasətçilər regionda İsrail üçün əsas təhlükənin İran deyil, Türkiyə olduğunu düşünür. Burada söhbət sərt gücdən istifadə imkanlarından gedir. Türkiyə bunu yaxşı başa düşür. Son illərdə ölkə texnologiya sahəsində mühüm irəliləyişlər əldə edib, öz kadr potensialını formalaşdırıb və hərbi sahədə ciddi inkişaf göstərib. Belə olan halda, hər hansı ölkə nüvə silahına sahibdirsə, Türkiyənin də buna sahib olmağa haqqı var. Mən Fidanın mesajını əsasən Qərbə ünvanlanmış hesab edirəm. Ankara regiondakı vəziyyətin fərqindədir.

Böyük ehtimal, Qərb yenə bu vəziyyətə səssiz qalmayacaq. Türkiyədə əvvəllər də “rəngli inqilab” ssenariləri işə salınmışdı, bənzər ssenarilər yenidən həyata keçirilə bilər. Prezident Rəcəb Tayyib Ərdoğan bu planları vaxtında müşahidə edib. Türkiyənin böyük imkanları var, insan kapitalından səmərəli istifadə edir, ölkə alimləri dünya arenasında özünü tanıdır. Nüvə sahəsində aparılan tədqiqatların və potensial imkanların inkişaf etdirilməsi, məncə, qeyri-adi deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: