İranın nüvə texnologiyaları ətrafında apardığı fəaliyyətlər, o cümlədən potensial nüvə dövləti statusu qazanması ehtimalı Yaxın Şərq və Cənubi Qafqazda təhlükəsizlik balansına dair ciddi müzakirələr doğurur.
Beynəlxalq ictimaiyyət üçün bu proses əsasən Təl-Əviv-Vaşinqton-Tehran üçbucağında dəyərləndirilsə də, İranla uzun sərhədə və mürəkkəb tarixi-siyasi münasibətlərə malik olan Azərbaycan üçün məsələ daha həssas xarakter daşıyır. Rəsmi Bakı indiyə qədər İranla bağlı balanslı siyasət yürütməyə çalışıb, lakin analitiklərin fikrincə, bu ölkənin nüvə silahına sahib olması regional güc nisbətlərini köklü şəkildə dəyişdirə bilər.
İranın nüvə silahına sahib olması Azərbaycan üçün regional və geosiyasi baxımdan risklər, yoxsa üstünlüklə yaradar?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, ümumiyyətlə, qonşuluqda nüvə dövlətlərinin olması həmin ölkələrin imperial ambisiyalarını genişləndirən mühüm amillərdən biridir:
“Bu gün lazımi hərbi resursu olmayan dövlətlər və ya onlarla qonşu ölkələr belə Azərbaycanı təhdid edirsə, həmin ölkənin nüvə silahı əldə edəcəyi təqdirdə nələrin baş verəcəyini təsəvvür etmək çətin deyil. Bir ölkənin bu silaha sahib olması regionun digər dövlətlərində də nüvə silahı əldə etmək istəyi yarada bilər. Beləliklə, İranın nüvə dövləti statusu qazanması digər müsəlman ölkələrini də bu istiqamətdə addımlar atmağa təşviq edər.

Zaur Məmmədov
Müasir dövrdə əsas prioritet iqtisadiyyatın inkişafıdır. Nüvə silahına malik olan ölkələr onu vaxtilə əldə ediblər. Bu gün yeni dövlətlərin nüvə silahına sahib olması yanlış tendensiya kimi qiymətləndirilir. Biz mövcud nüvə silahına malik ölkələrin belə ondan imtina etməsini arzuladığımız bir zamanda, yeni nüvə dövlətlərinin ortaya çıxması ciddi narahatlıq doğurur. Çin və ABŞ arasında mövcud ziddiyyətlər, eləcə də müxtəlif regionlarda baş verən proseslər qlobal təhlükəsizlik üçün əlavə risklər yaradır.
Cənubi Qafqaz ətrafında gedən proseslər göstərir ki, region dinamik və imperialist güclərin hədəfindədir. Bu səbəbdən Azərbaycan ordusu silahlanmanı davam etdirir, ən müasir hərbi texnikalar alınır. Ölkəmizin ordusunun gücü elə səviyyədə olmalıdır ki, istənilən ölkəyə adekvat cavab verə bilsin”.
Turan Rzayev
Globalinfo.az