sualll

Türkiyədə 2025-ci ildə süni intellektə verilən ən məşhur suallar bəlli olub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı yutuber İlkay Zaman paylaşım edib.

“2025-ci ildə “Gemini” platformasına ən çox verilən suallar arasında “Dubay şokoladının resepti”, “Yaşıl şalvarla nə geyinmək olar”, “100 nəfərlik mərci şorbasının resepti”, “Squid Game” serialının yeni mövsümü nə vaxt yayımlanacaq” və “Sevgilimə hansı mesajı yazım” kimi mövzular yer alıb.

Eyni dövrdə “ChatGPT”yə ünvanlanan suallara – “Həyatın mənası nədir”, “Mənim üçün şeir yaza bilərsənmi”, “Necə varlı ola bilərəm”, “Süni intellekt dünyanı ələ keçirə bilərmi”, “Hansı ixtisaslar 10 ildən sonra yox olacaq” daxildir”.

İlkay Zaman qeyd edib ki, bu suallara cavab verilməsi üçün minlərlə server eyni anda işləyir və bu da ciddi enerji, su sərfiyyatına səbəb olur:

“Süni intellektlə edilən hər 20 suallıq qısa söhbət təxminən yarım litr təmiz suyun soyutma sistemlərində buxarlanması deməkdir. Həmçinin onun vasitəsilə hazırlanan bir vizual üçün sərf olunan elektrik enerjisi ilə telefonu tam doldurmaq mümkündür. Hazırda dünyada istehsal olunan elektrik enerjisinin təxminən 2 faizini süni intellekt sistemləri istehlak edir. Mövcud tendensiya davam edərsə, 2030-cu ildə bu göstərici 10 faizə çata bilər”,

Yutuberin fikrincə, bu proses təkcə texnoloji məsələ deyil, eyni zamanda böyük siyasi böhrandır:

“Hökumətlər texnologiya nəhənglərinə qarşı sərt mövqe sərgiləmir, tənzimləmələr isə innovasiya adı altında görməzlikdən gəlinir. Yeni məlumat mərkəzləri yaradılsa da, əhalinin su və enerji resursları səssiz şəkildə istismar olunur. 2030-cu ildən sonra məlumat mərkəzlərinin cəmləşdiyi bölgələrdə kənd təsərrüfatının zəifləməsi və su uğrunda münaqişələrin yaranması real təhlükədir. Biz rəqəmsal zəkanı qidalandırarkən, əslində fiziki dünyanı aclığa sürükləyirik”.

İ.Zaman əlavə edib ki, istifadəçilərin göndərdiyi hər sorğu, verdiyi hər sual bu dağıdıcı prosesi daha da sürətləndirir.

Ləman İmran
Globalinfo.az

Paylaş: