Son zamanlarda Türkiyədə hakim Ədalət və İnkişaf Paritiyası (AKP) daxilində yeni rəhbərlik dövrünə hazırlıqların başladığı iddia edilir. Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın da dəstəyi ilə oğlu Bilal Ərdoğanın əvəlcə partiya sədriliyi, daha sonra isə ölkə rəhbərliyinə namizədliyinin irəli sürülməsi planlanır.
Maraqlıdır ki, hazırda onun partiyada rəsmi məsul vəzifəsi yoxdur. Əsasən, qeyri-hökumət təşkilatlarında, xeyriyyə və gənclərlə bağlı proqramlarda fəal iştirak edib.
Rəcəb Tayyib Ərdoğan isə həm partiya sədrliyi, həm də dövlət rəhbərliyi postlarında güclü sima olaraq qalır və siyasi davamlılığını təmin etməyə çalışır. Bəzi dövlət və müstəqil müşahidəçilər partiya daxilindəki qüvvələr arasındakı balansın dəyişməsi və “Ərdoğandan sonrakı dövr” mövzusunun aktuallaşmasının AKP daxilində müzakirələri gücləndirdiyini qeyd edirlər. Bununla belə, hələlik konkret rəsmi liderlik keçidi yoxdur.
Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Bilal Ərdoğan kifayət qədər aktiv bir şəxsdir:
“Biz onun bir çox QHT fəaliyyətini görürük. Xüsusilə türk adət-ənənələrinin dirçəldilməsi, oxatma yarışlarının təşkili, etnik tədbirlərin keçirilməsi, gənclərin təhsil alması və sosial fəaliyyətlərinin artırılması ilə bağlı tədbirlər həyata keçirir. Bütün bunları o, gənc yaşlarından edir. Bu səbəbdən türk mediasında diqqət çəkən, özünə yer edən bir şəxs halına gəlib.
Ərdoğanın oğlunu öz yerinə hazırlamasına gəldikdə deyə bilərəm ki, o da digər türk vətəndaşları kimi siyasətlə məşğul olmaq haqqına malikdir. Lakin bu günə qədər Bilal Ərdoğan siyasi fəaliyyətlə ön plana çıxmayıb. Türk mətbuatında Ərdoğanın yerinə xarici işlər naziri Hakan Fidan və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun adı daha çox hallanır. Hətta sabiq baş nazir Binəli Yıldırımın da namizədliyi gündəmə gətirilir.

Kazım Kazımov
Türkiyədə seçkilərə təxminən iki il yarım qalıb. Prezident Ərdoğanın yenidən namizədliyi isə hələlik rəsmi olaraq bəlli deyil və o, bu iddiaları dilə gətirməyib. AKP böyük və güclü partiyadır; burada müxtəlif keçmişi və gücü olan şəxslər mövcuddur. Yəni sistem daxilindən yeni şəxsin ön plana çıxması mümkündür. Əgər Bilal Ərdoğan siyasətə aktiv şəkildə qoşular və namizədliyini irəli sürərsə, bu təəccüblü olmaz. Çünki Türkiyədə ata-baba siyasətinə əsaslanan davamlılıq ənənəsi mövcuddur”.
Turan Rzayev
Globalinfo.az