Ukraynada növbəti prezident seçkilərinin keçiriləcəyi təqdirdə hazırkı dövlət başçısı Volodimir Zelenskinin təkrar namizəd olacağı açıqlanıb. Bu qərar həm daxili, həm də beynəlxalq səviyyədə diqqət mərkəzindədir.
Analitiklərin fikrincə, Zelenskinin yenidən namizədliyi onun hakimiyyəti dövründəki uğurları və çətinlikləri, xüsusilə Rusiya ilə davam edən müharibə fonunda ictimaiyyətin gözləntiləri ilə sıx bağlıdır.
Zelenski seçkilərdə yenidən qalib gələ bilərmi? Ukrayna ictimaiyyəti və beynəlxalq tərəfdaşlar bu qərarı necə qiymətləndirəcək? Başqa hansı namizədlərin real şansı var və siyasi mənzərə necə dəyişə bilər?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ukraynada prezident seçkilərinin keçirilməsi indiki məqamda çətin görünür:
“Rusiya Prezidenti Vladimir Putin əvvəldən Zelenskinin yenidən seçilməsinə qarşı mövqe sərgiləyirdi. Bununla belə, ölkədə hərbi əməliyyatlar davam etsə də, seçkilərin keçirilməsi konstitusiya baxımından mümkündür. Hazırda bir çox şəhər və ərazilər dağıdılıb, əhali ölkəni tərk etməyə məcbur olub. Uşaqlar və qadınlar üçün vəziyyət xüsusilə çətindir. Bu amillər seçkilərin təşkilini mürəkkəbləşdirir.

İlyas Hüseynov
Maraqlıdır ki, ABŞ və Rusiya arasında aparılan danışıqlarda seçkilərin keçirilməsi məsələsi də müzakirə mövzusu olub. Bu baxımdan, prezident seçkilərinin keçirilməsi artıq sülh prosesinin tərkib hissəsinə çevrilib. Zelenskinin ictimai etimad qazanması çətin olsa da, sosial sorğular və seçici davranışı nəticələri müəyyən edəcək. Eyni zamanda, Rusiya və digər qüvvələr də öz namizədlərini irəli sürəcəklər”.
Turan Rzayev
Globalinfo.az