Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.
Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
***11:51
Qaradağda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Globalinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.
Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub.
Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.
*** 11:29
Bu gün Bakının Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb.
Globalinfo.az xəbər verir ki, səhər saatlarında baş verən hadisə zamanı 2 nəfər ölüb.
Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, dekabrın 25-də saat 09:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub:
“Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb”.