qar baki

Bu il Azərbaycanda, xüsusilə paytaxt Bakıda intensiv yağışlar müşahidə olunur. İddia edilir ki, bu vəziyyət qışda da davam edəcək və qar əvəzinə leysan yağışlar yağacaq. 

Bu, nə dərəcədə realdır?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, proqnozlar əsasən müşahidələr və meteoroloji məlumatlar əsasında hazırlanır:

“Hər il bu tip intensiv yağışlarla qarşılaşırıq. “Normadan artıq” ifadəsi uzunmüddətli müşahidələr əsasında müəyyən edilmiş aylıq yağıntı normaları ilə müqayisəyə əsaslanır. Yay aylarında norma daha aşağı, yaz və payız aylarında isə bir qədər yüksək olur. Faktiki yağıntı isə bəzən norma daxilində, bəzən isə bunu dəfələrlə üstələyə bilər. Yəni “norma” nisbi bir anlayışdır”.

Ekoloq bildirib ki, keçən il paytaxtda müşahidə olunan problemlər yağışın deyil, daha çox şəhər infrastrukturunun qeyri-optimal olması və xilasetmə xidmətlərinin funksionallığının zəifliyi ilə bağlı idi:

“Bu il də oxşar vəziyyətin yaranması ehtimalı var. Əlbəttə, heç kim yağıntının dəqiq miqdarını əvvəlcədən tam müəyyən edə bilməz. Son illərin müşahidələri göstərir ki, xüsusilə Bakı şəhərinin yerləşdiyi ərazidə keçmiş dövrlərlə müqayisədə qar yağıntısı azalır, yağış şəklində atmosfer çöküntüləri isə artır. Bu dəyişikliklər qlobal atmosfer proseslərində baş verən böhran və iqlim dəyişiklikləri kontekstində qiymətləndirilməlidir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: