DTX-nin əməliyyatı xarici xüsusi xidmət orqanlarını hərəkətə gətirdi – İlginc faktlar

Son günlər xaricdən yayımlanan bəzi YouTube kanallarından Dövlət Təhlükəsizlik Xidməti və onun rəisi Əli Nağıyev hədəf alınır. Bir çox yerli ekspertlər deyirlər ki, bu, təşkil edilmiş kampaniyadır. Bildirilir ki, DTX-nın son vaxtlar ölkəmizdə fəaliyyət göstərən xarici agentura şəbəkəsinə qarşı həyata keçirdiyi uğurlu əməliyyatlar bu kampaniyanın başlamasına, gündən-günə intensivləşməsinə səbəb olur.  

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, dövlət milli gücün institusional forması kimi təzahür edir:

“Ona görə də dövlət institutları içərisində güc strukturlarının çox mühüm rolu var. Bu sırada özünün funksional keyfiyyətlərinə görə Dövlət Təhlükəsizlik Xidməti ayrıca bir institutdur.

DTX son dövrlərdəki fəaliyyəti ilə dövlətin gücünü nümayiş etdirməklə mühüm nailiyyətlərə imza atır. İstər Vətən müharibəsi dövründə, istərsə də postmüharibə dövründə DTX ictimaiyyətə bəlli olan və olmayan çoxsaylı əməliyyatlar həyata keçirib və bu əməliyyatlar Azərbaycan cəmiyyəti tərəfindən kütləvi rəğbətlə qarşılanıb. Eyni zamanda bu tipli əməliyyatlar bizi milli məqsədlərimizə, dövlətimizin öz strateji məqsədlərinə çatmasına ciddi töhfələr verib. Ona görə də Azərbaycanın güclənməsini istəməyənlər bu xüsusi xidmət orqanımızın imicinə kölgə salmaq, onun reputasiyasını korlamaq üçün DTX–ya qarşı aramsız hücumlar təşkil edirlər”.

H.Babaoğlunun sözlərinə görə, müxtəlif internet resurslarında, sosial şəbəkələrdə kütləvi şəkildə təşkil olunan bu hücumların məqsədi DTX rəhbərliyi və kollektivini ruhdan salmaq, onları milli məqsədlərimizə çatmaq üçün apardıqları fədakar mübarizədən çəkindirməkdir:

“Ən pisi isə odur ki, bu gözdənsalma kampaniyası qeyri-etik və peşəkarlıqdan uzaq müstəvidə aparılır. Yəni əslində bu fəaliyyət Azərbaycan dövlətinə qarşı yönələn fəaliyyətdir. Ancaq Azərbaycan cəmiyyəti hər şeyin fərqindədir və nəyin nə üçün edildiyini yaxşı anlayır. Ona görə də DTX–nın fəaliyyəti haqqında ictimai rəy olduqca müsbət və birmənalıdır

5-ci kolon təmsilçilərini məyus edən də budur. Çünki onların qarayaxma kampaniyası nəticə etibarilə heç nəyə yaramır. Ancaq DTX milli dövlətimizin əsas funksional qurumlarından biri kimi tarixi nailiyyətlərə imza atır və atacaq. Ona görə ki, bu təşkilatın başında Əli Nağıyev kimi peşəkar, dövlətə və Prezidentə sədaqətli, təcrübəli xüsusi xidmət əməliyyatçısı var. Onun rəhbərliyi altında isə olduqca güclü, professional kollektiv gecə-gündüz milli maraqlarımızın keşiyində dayanıb”

Turan Rzayev
Globalinfo.az