“2009-cu ildə Sürix protokolları imzalananda mən Tbilisidə idim. İlk olaraq dedim ki, bu, mənfi addımdır. Sual yaranırdı: Türkiyə rəhbərliyi niyə belə bir addım atır? Bu, Azərbaycanın milli maraqlarına zidd idi”.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai TV-də yayımlanan “Təmas xətti” verilişində danışıb.
O bildirib ki, həmin vaxt qardaş ölkə ilə xeyli danışıqlar aparılmışdı:
“Həmin dövrdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Ermənistanın isə Edvard Nalbandyan idi. Türkiyə bizə bildirirdi ki, ABŞ-dan ciddi təzyiqlərlə üzləşirlər. Həmin dövrdə ABŞ-da Barak Obama administrasiyası hakimiyyətdə idi. Deyirdilər ki, bizi başa düşün, NATO ölkəsiyik, ABŞ-la münasibətləri təhlükəyə ata bilmərik.
Bundan sonra Prezident belə bir qərar qəbul etdi ki, Türkiyəyə çoxsaylı deputatlar göndərilsin və məsələ ictimai şəkildə izah olunsun. Baş nazir vəzifəsində olan Rəcəb Tayyib Ərdoğan başa düşdü ki, ictimaiyyət bu addımı qəbul etmir.
Türkiyə tərəfi bizə dedi ki, protokolları imzalayacağıq, amma ratifikasiyadan keçirməyəcəyik. Buna baxmayaraq, şübhələr qalmaqda idi. Baş nazir Ərdoğan çox müdrik siyasətçi idi, vəziyyəti düzgün qiymətləndirdi. Birdən xəbər aldıq ki, o, Azərbaycana rəsmi səfər etmək niyyətindədir. Ərdoğan Milli Məclisdə çıxış etmək istəyini bildirdikdə, artıq anladıq ki, Türkiyə Sürix protokollarını qəbul etməyəcək”.
Qeyd edək ki, Ermənistan Kəlbəcəri işğal etdikdən sonra Türkiyə Ermənistanla sərhədləri bağlamışdı.
Safura Bənnayeva
Globalinfo.az