qaz 1

Son illər Azərbaycanın Avropa qaz bazarındakı mövqeyi kifayət qədər artıb. Mövcud Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Rusiyadan enerji asılılığına son vermək istəyi rəsmi Bakını geopolitik aktora çevirib.

Halbuki bu mövzuda vaxtilə bir çox müxalif fikirlər səslənirdi:

1.Avropa demokratiyanı neft-qaz maraqlarına satdı.

2.Azərbaycan hökuməti kəndləri, qəsəbələri, Bakının bir çox yerlərini qazla təmin edə bilmir, Avropaya boru çəkir.

Hətta buna rişxənd edənlər də vardı.

Lakin bütün bunlara baxmayaraq Prezident İlham Əliyev daxildəki tənqidlərə, xaricdən yönələn təzyiqlərə rəğmən Azərbaycanı bu yola çıxarda bildi və ölkəmiz dünyanın aparıcı siyasi-iqtisadi oyunçusuna çevrildi.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ partiyanın sədri Tural Abbaslı deyib ki, Avropanın neftə və qaza olan tələbinin günbəgün artması Azərbaycanın bu məsələdəki mövqeyini gücləndirir:

 

tural abbasli

Tural Abbaslı

“Bu isə öz növbəsində Azərbaycanın dünya siyasi arenasında çəkisini artırır. Belə ki, rəsmi Bakı ərazi baxımından və ya əhalinin say tərkibinə görə böyük olmasa da yerləşdiyi regionun strateji önəmi və malik olduğu təbii sərvətlərin zənginliyi baxımından böyük dövlətlər kimi söz sahibdir.

Xüsusilə qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi fonunda ölkəmizin əhəmiyyəti daha da artıb. Bu gün Qərb faktiki olaraq Rusiya qazına olan asılılığa son vermək istəyir. Bu isə Azərbaycanın əlini bir çox məsələdə gücəndirir.

Misal üçün, Qərbin enerji təminatında bizi alternativ ölkə olaraq görməsi, Ermənistanla yekun sülh müqaviləsinin imzalanması, Qərbi Azərbaycan, hətta Cənubi Azərbaycan məsələsində ölkəmizə əlavə dividentlər verir.

Hesab edirəm bu və digər məsələlərdə iqtidarla müxalifətin mövqeyi eyni olmalıdır. Prinsip etibarilə Rusiya bu gün dünyanı ordusu ilə deyil, neft və qaz ilə hədələyir. Avropa isə faktiki olaraq enerji ehtiyacının yarısını Rusiyadan təmin edir. Bu asılılığın bir qisminin bizə keçməsi ölkəmizin beynəlxalq arenadakı mövqeyinə çox ciddi təsir edə bilər. Bu baxımdan bu məsələdə fərqli mövqedən çıxış etmək düz deyil. İqtidar və müxalifət məsələyə ortaq yanaşma sərgiləməlidir. Neft və qazın verdiyi strateji üstünlükdən istifadə etməliyik”.

REAL Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki, uzun illər “Qərb neft və qaz maraqlarına görə demokratiyanı qurban verir” deyə çox primitiv bir diskussiya vardı:
“Əslində belə çox primitiv yanaşmadır. Çünki hər bir ölkənin öz maraqları var. Məsələyə bu məntiqlə yanaşsaq onda gərək Səudiyyə Ərəbistanı heç bir ölkə ilə əməkdaşlıq etməsin. Müqayisə üçün deyim ki, rəsmi Ər-Riyad hər gün 8.7 milyon barel nefti Avropaya, ABŞ-a, Yaponiyaya və s. ölkələrə satır.

Natiq Cəfərli

Natiq Cəfərli

Azərbaycanın da enerji resursları var və bu resursların Avropa bazarına çıxarılması iqtisadiyyatımız üçün olduqca vacibdir. İstər iqtidar olsun, istər müxalifət, bu, danılmaz faktdır. Azərbaycanın xarici ölkələr ilə iqtisadi, siyasi münasibətlərinin müsbət olması, inkişaf etməsi, hesab edirəm, hər kəsin ortaq mövqeyidir.

Onsuz da müxalifətin iradı bu yöndə deyil. Bizim iradımız neftdən gələn gəlirlərin düzgün xərclənməməsinədir. Yəni gələcəkdə hakimiyyət dəyişəcəyi təqdirdə yeni hakimiyyət də uzun illər iqtisadiyyatı neft və qazdan gələn gəlir hesabına təmin edəcək. Bizim tələbimiz budur ki, neft və qazdan gələn gəlirlər digər sahələrin inkişafı istiqamətində düzgün istifadə edilsin”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: