ehali

Son illər rayonlardan Bakıya axın edənlərin sayı sürətlə artır. Kəndlilər bu köçü iş tapmaq və daha yaxşı həyat şəraiti ilə əlaqələndirirlər. Mütəxəssislər bildirirlər ki, paytaxta axın etmək çıxış yolu deyil, kənd turizmi sayəsində yüksək qazanc əldə etmək mümkündür. Qeyd olunur ki, bu, həm də kəndlərin inkişafına, yerli iqtisadiyyatın güclənməsinə və əhalinin rifah halının yüksəlməsinə səbəb olur. Paralel olaraq, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsinə kömək edir. Qeyd olunur ki, bu, ölkənin ümumi inkişafını təmin etmək və bölgələr arasındakı inkişaf fərqlərini azaltmaq məqsədi daşıyan mühüm bir addımdır. Proses yalnız iqtisadiyyatın inkişafını deyil, eyni zamanda sosial sahələrdə bərabərsizliyin azaldılmasını nəzərdə tutur.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, işsizlik səviyyəsinin azaldılması, yerli müəssisələrin dəstəklənməsi və təhsil, səhiyyə kimi sosial sahələrdə keyfiyyətin yüksəldilməsi kimi müxtəlif istiqamətləri əhatə edir. Bu yanaşma, həm də yerli sakinlərin həyat şəraitinin yaxşılaşdırılması və onların iqtisadi fəallığının artırılması üçün şərait yaradır. Bu məqsədlə müxtəlif proqramlar həyata keçirilir, həmçinin xarici investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı və turizmin təşviqi kimi sahələrdə də işlər aparılır. Belə tədbirlərin ölkənin bütün regionlarında dayanıqlı inkişafın təmin edilməsi üçün vacib olduğu vurğulanır.

Kəndlilərə turizmdən pul qazanmaq üçün nə lazımdır? Bu, regionların sosial-iqtisadi inkişafına necə təsir edə bilər?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, kəndlərdə iki şərtlə böyük məbləğdə gəlir əldə etmək mümkündür:

“Aqro və ekoturizmlə bağlı müxtəlif faktorlar turizmin gəlirli olmasına təsir edir. Kəndin yaxınlığında milli park, dövlət təbiət qoruqları, şəlalələr, tarixi abidələr varsa, bu da sektorun inkişafına şərait yaradır. Eyni zamanda, kəndlərin qədim ənənələrə sahib olması əlavə üstünlükdür. Aqroturizm, əsasən yerli ənənələrlə qonaqları qəbul etmək, heyvanları saxlayaraq onlara qulluq etmək və bu prosesləri turizmə çevirə bilməkdir. Turistlər inək sağmaq, dərman bitkilərini yığmaq və ya süd məhsullarının hazırlanmasında iştirak etməklə kənd həyatı ilə yaxından tanış ola bilərlər. Bu zaman sakinlər, kənd təsərrüfatı məhsullarının satışı ilə də əlavə gəlir qazanar. Ekoturizm imkanları isə daha genişdir. Azərbaycanın dağlıq və dağətəyi bölgələrində, məsələn, Kiçik Qafqaz, Böyük Qafqaz və Talış bölgələrində bunun üçün əlverişli mühit mövcuddur. Müxtəlif treking marşrutları, dağ yürüşləri, alpinizm və sair kimi fəaliyyətlər təklif edilə bilər. Bu tip turizmdə qonaqlar həm kənd evlərində qalır, həm də müxtəlif proqramlarla maraqlanırlar. Onlar yerli meyvələrdən konservləşdirilmiş məhsullar, şirniyyatlar və tibbi bitkilərdən müalicəvi məhsullar hazırlayıb satmaqla da gəlir əldə edə bilərlər”.

arzu

Arzu Mustafayev

Ekspert qeyd edib ki, kəndlilər turizm xidmətlərini çox bahalaşdırmadan, cəlbedici qiymətlərlə təqdim etməli və əlavə qazanc mənbələri yaratmalıdırlar:

“Toyuq, yumurta və ət kimi kənd məhsullarını satmaqla bu, mümkündür. Kənd turizminin inkişafı üçün qonaqpərvərliyin önəmi böyükdür. Turistlərə yaxşı xidmət göstərmək, onların məmnuniyyətini təmin etmək və davamlı müştəri portfeli yaratmaq uzunmüddətli uğurun açarıdır”.

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova isə bildirib ki, kəndlərdə mövcud problemlər həll edildikdən sonra bu istiqamətdə böyük irəliləyişlər gözləniləndir:

“Kəndlilərə investisiya imkanları yaradılmasa, maarifləndirmə aparılmasa və infrastruktur problemləri (yol, nəqliyyat, elektrik, internet) həll olunmasa, görülən işlər nəticəsiz qalacaq. Bundan əlavə, qonaq evlərinin necə hazırlanması, xidmətin keyfiyyəti və ərazinin ekoturizm potensialının düzgün təbliğ edilməsi də vacibdir. Kəndlilərə bu sahənin dəyərini izah etmək və müştəri cəlb etmə yollarını göstərmək mühüm amildir. Bunların düzgün təbliği üçün kəndlilərin dəstəyi vacibdir. Məsələn, bələdçilərin hazırlanması, xidmətin öyrədilməsi və ən azı turizm sahəsində istifadə edilən xarici dillərin tədrisi mütləqdir. Hər bölgənin öz turizm potensialı var. Bu, yalnız yaşıllıq və dənizlə məhdudlaşmır, palçıq, quraqlıq, ova və balıqçılığa olan maraq da mövcuddur. Yerli əhali bu potensialı daha yaxşı anlayır. Sadəcə bu istiqamətdə maarifləndirmə aparılmalıdır. Hər bir bölgə üçün turistik marşrutlar və kartlar hazırlanaraq bu sahə inkişaf etdirilə bilər. Azərbaycanda turizm sahəsi inkişaf edir və burada çoxlu imkanlar mövcuddur”.

nermin 1

Nərminə Qəribova

Sədr əlavə edib ki, kənd turizmi üçün veb-saytın yaradılması da vacib məqamlardandır:

“Bu saytda kəndlilər üçün məlumatlar, xidmətlər və suallarına cavablar təqdim edilməlidir. İnsanlar artıq sadəcə şəhərdə yox, təbiət qoynunda da qalmaq istəyir. Dünyada belə tendensiya davam edir. Kənd turizmini seçənlər dağlara, çaylara, şəlalələrə getmək istəyir və bu zaman kənd evlərində qalmağa, yerli əhalinin xidmətlərindən yararlanmağa ehtiyac duyurlar. Bu da kəndlilər üçün əlavə və çox yaxşı qazanc deməkdir. Kəndlilər yayda hazırladıqları məhsulları qışda sata bilərlər. Bu sahədə daha çox iş görülməli, beynəlxalq təcrübə öyrənilməli, kadrlar yetişdirilməli və investisiya imkanları yaradılmalıdır. Sevindirici hal odur ki, kənd camaatı yeni ideyalara açıqdır. Keçmişdəki qapalı cəmiyyətə nisbətən, bu gün onlar daha yenilikçi və dünyaya açıqdır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.

media 1

Ləman İmran
Globalinfo.az

Paylaş: