“Vətəndaşlar qaz xəttinin mənzil və evlərə çəkilişi zamanı həm çəkiliş haqqını, həm də sayğac üzrə sərfiyyata əsasən ödəniş edirlər. Bu ödənişlər də kifayət qədər yüksək məbləğlərlə ifadə olunur. İndi isə onlardan əlavə olaraq sabit aylıq tarif ödəmələri də tələb edilir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Razi Nurullayev deyib.
Deputat qonşu ölkələrdə belə bir addıma rast gəlinmədiyini söyləyib:
“Yəni qazdan istifadə etsən də, etməsən də, aylıq müəyyən olunmuş məbləği ödəməlisən. Bu isə mənə ədalətli yanaşma kimi görünmür. Maraqlıdır, bu təcrübə hansı ölkənin modeli əsasında tətbiq olunub? Biz bu praktikanı hansı qonşu ölkələrdən götürmüşük? Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda və digər yaxın dövlətlərdə belə bir sistem mövcuddurmu?”
Razi Nurullayev əlavə edib ki, bu qanun layihəsinin tələsik qəbul olunması məqsədəuyğun deyil.
Safura Bənnayeva
Globalinfo.az














