“Azərbaycanda dövlət idarəçiliyində kadrların gəncləşmə sürətilə informasiya qapalılığının artma sürəti arasında düz mütənasiblik var. Gənclik şəffaflığa daha çox nifrət edirmiş. Onlar təhsil dövründə cismən Avropada, ABŞ-da olsalar da, ruhları bizi bircə saat da tərk etməyibmiş”.
Globalinfo.az xəbər verir ki, bu sözləri İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi İdarə Heyətinin sədr müavini Rövşən Ağayev qeyd edib.
R.Ağayev saytımıza açıqlamasında bildirib ki, o, daim tədqiqatla məşğuldur və informasiyaların qapandığını görür:
“2018-ci ilə qədər biz dövlət büdcəsinin investisiya xərclərini layihələr üzrə rahat şəkildə tapa bilirdik. Həmçinin 2019-cu ilə qədər dövlət satınalmaları ilə bağlı icra olunmuş müqavilələrin reyestrini excel faylında saytda yerləşdirirdilər. İndi bunu hesabat formasında çap etmirlər”.
R.Ağayev bildirib ki, yeni kadrlar vəzifəyə təyin ediləndə onlardan gözləntilər böyük olub: “Gözləyirdik ki, maliyyə və ya fəaliyyət hesabatları daha mükəmməl olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına daxil olarkən nazirliyin fəaliyyət hesabatı maksimum 11-12 səhifədən ibarətdir. Bu, əvvəl də belə idi. Amma Türkiyənin “Çalışma ve Sosyal Güvenlik Bakanlığı”nın saytında təkcə fəaliyyət hesabatının həcmi 200 səhifədən çoxdur, performans hesabatı isə 150 səhifədən çoxdur. 2020-ci ilə qədər biz rahat şəkildə “e.qanun” saytında dövlət qulluqçularının, nazirlərin maaşlarını belə görə bilirdik. Bu qərarların cədvəl hissələri, əlavələri açıq olurdu, indi isə onu qapalı saxlayırlar.
Bu şəkildə çoxlu nümunələr gətirə bilərəm. Gənc kadrlar gəldikcə, informasiyanın qapandığını və ya əvvəlki hesabatlılığın heç bir halda dəyişmədiyini gördük”.
Gülnar Səlimova