Tovuzun Bozalqanlı kəndində itkin düşdüyü deyilən, daha sonra tapılan 13 yaşlı qızın valideynləri ilə bağlı nüans diqqət çəkib. Belə ki, yeniyetmənin valideynlərinin boşandığı, yaşadığı psixoloji sarsıntının məhz bununla əlaqəli olduğu iddia edilir. Qeyd olunur ki, adətən belə ailələrin övladları depressiyaya daha çox meyilli olurlar.
Globalinfo.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, boşanmanı “ailə faciəsi” və ya “uşaq üçün son” kimi təqdim etmək doğru deyil:
“Əslində, problem münasibətin içində yaşanan münaqişə və sevgisizlikdir. Uşağın psixoloji dayanıqlığını təyin edən əsas faktor valideynlər arasında qurulan ünsiyyətin formasıdır. Valideynlərin hüquqi olaraq birgə və ya ayrılıqda yaşamasından asılı olmayaraq, övladlarına eyni sevgini, diqqəti və emosional dəstəyi göstərmələri vacibdir. Əks halda, uşaqda özünü tənha hiss etmək, günahkar saymaq və ya dəyərsiz hiss etmək kimi ciddi mənəvi böhranlar formalaşa bilər”.
Rövşən Nəcəfov
Psixoloq bildirib ki, boşanan ailələrin uşaqlarını müəyyən mənəvi-psixoloji risk qrupuna aid etmək mümkündür:
“Lakin qaynaq birbaşa boşanmanın özü deyil, daha sonra formalaşan davranışlardır. Valideynlər bir-biri ilə davamlı münaqişə və gərginlik içində qalırsa, uşaq psixoloji baxımdan ciddi yüklə üzləşir. Bu, zamanla depressiya, özgüvən itkisi, emosional qeyri-sabitlik və bəzi hallarda intihar düşüncələri kimi ağır psixoloji nəticələrə yol aça bilər”.
Günay Rəsulqızı
Globalinfo.az














