trampi

“ABŞ Prezidenti Donald Tramp həmişə müharibə əleyhdarı olub. O, ilk prezidentliyi dövründə Əfqanıstan, İraq və Suriyadan ordunu çıxarmaqla bağlı göstərişlər verib”.

Bu sözləri Globalinfo.az-a politoloq Turab Rzayev deyib.

O xatırladıb ki, ABŞ-ın sabiq prezidenti Barak Obama hakimiyyəti dövründə Mərakeşdən Çin sərhədinə qədər müharibə getməyən yer qalmamışdı:

“Tramp bunları dayandırdı. O, açıq şəkildə dedi ki, bizə Amerikanın özü və gələcəyi lazımdır. Ağ Ev rəhbəri üçüncü dünya ölkələrində (kasıb, inkişaf etməkdə olan dövlətlər) müharibə istəmir. Bunu boş və mənasız görür. Bu arada Obama Gürcüstan və Krımı, xələfi Co Bayden isə Donbası işğal etdirməyi bacardı. Hələ Yaxın Şərqdə də savaş başladı. ABŞ-ın hazırkı prezidenti isə seçkidə xalqına verdiyi sözü tutdu, dünyaya sülh gətirdi. Yaxın Şərqdən sonra indi Ukrayna müharibəsini dayandırmaq istəyir”.

Turab rzayev 2

Turab Rzayev

Politoloq bildirib ki, Rusiyanın Ukraynaya hücumunu “dəhşət” adlandıranlar indi müharibəni dayandırmaq istəyən Trampın addımlarını mümkünsüz hesab edirlər:

“ABŞ prezidenti Oval masada qısa və konkret dedi ki, Ukraynanın Rusiya ilə müharibə etməyə resursu çatmır. Yəni rəsmi Kiyev ABŞ-ın pulu, silahı hesabına müharibədə bu qədər tab gətirə bilər. Əslində, Tramp Zelenskiyə başa salmağa çalışdı ki, vaxtilə Ukraynanı qızışdırıb ortaya atanlar bu gün yoxdur. Kiyevi nə Obama, nə də Bayden xilas edə biləcək. Yəni ya sülh olacaq, ya da Ukrayna daha çox dağılacaq. Hər halda seçim Ukraynanındır. Ya ABŞ-ın təklifi ilə razılaşacaq, ya da ərazi itkisi genişlənəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: