“Türkiyə-Azərbaycan münasibətləri tarixi təbii strateji münasibətlərdir. Şuşa Bəyannaməsi isə bu iki ölkə arasında müttəfiqliyi təsdiq edir”.
Bu sözləri Globalinfo.az-a deputat Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, hazırda dünyada mürəkkəb proseslər gedir, faktiki olaraq yeni dünya nizamı qurulur:
“Bu da öz növbəsində iki ölkə arasında məsləhətləşmələri zəruri edir. Ortaq siyasi paradiqmaların təyinatına ehtiyac yaranıb. Cənubi Qafqaz, Aralıq dənizi, Yaxın Şərq regionlarında Ankara və Bakının hansı addımlar atacağı məsələsi var.
Hesab edirəm ki, bundan başqa Şərqi Avropada baş verən hadisələr, sülh axtarışları da iki ölkə prezidenti arasında dəyərləndiriləcək. Nəticə etibarilə Azərbaycan Prezidenti deyib ki, Türkiyənin gücü bizim gücümüzdür. Belə olan halda, hazırda beynəlxalq münasibətlər sistemində aparıcı amil kimi çıxış edən güc faktorunun birgə qiymətləndirilməsi vacibdir. Söhbət təkcə hərbi gücdən deyil, həm də diplomatik gücdən gedir”.

Hikmət Babaoğlu
H.Babaoğlunun sözlərinə görə, Azərbaycan Prezidentinin Türkiyəyə səfərinin konkret məqsədləri də var:
“Söhbət Naxçıvan-İğdır qaz kəmərinin açılışından gedir. Naxçıvanı Azərbaycanla birləşdirən ərazi olmadığı üçün ətraf ölkələr üzərindən qaz nəql edilir. Fikrimcə, Türkiyə üzərindən qaz kəmərinin çəkilməsi Naxçıvanın enerji təminatında mühüm yenilik olacaq”.
Turan Rzayev
Globalinfo.az