Mikayıl Müşfiqin anım günüdür

Mikayıl Müşfiqin anım günüdür

Bu gün Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin anım günüdür. 

Globalinfo.az xatırladır ki, İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakı şəhərində anadan olub. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, şeirlər yazıb. Uşaq ikən valideynlərini itirən Müşfiq qohumlarının himayəsində böyüyüb.

İbtidai təhsilini rus-tatar məktəbində alıb, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Azərbaycan Dövlət Darülfünunun (universitetinin) dil və ədəbiyyat fakültəsini bitirib və əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlayıb və bədii tərcümə ilə də ciddi məşğul olub.

Ağır və fərəhsiz uşaqlıq illəri keçirən şair həyatının o illərini xatırlayaraq yazırdı:

“Hələ atamın sağlığında güzəranımız ağır keçdiyi halda, lap uşaqkən anam və atam vəfat etdi. Mən bir yetim halında daş kəsən əmim və bibimin yanında qaldım. Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim”.

Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

O, 1931-ci ildə Dilbər Axundzadə ilə ailə qurub.

Görkəmli şair 1938-ci il yanvarın 6-da repressiya dövründə güllələnib.

Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.