Çin avtomobil sənayesi Qərb ölkələrinə meydan oxumağa davam edir. Bu ölkə texnoloji yeniliklər və istehsal gücü ilə artıq Almaniya kimi nəhəng avtomobil istehsalçılarını belə geridə qoymağa yaxındır. Xarici ekspertlərin fikrincə, “Ford”, “Mersedes”, “Volksvagen”, “Porşe”, “Opel” və sair kimi modellər iflasın astanasındadır.
Çin avtomobil sənayesi gözlənilmədən necə inkişaf etdi?
Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, Avropa və Şərqi Asiya ölkələrinin istehsal etdiyi avtomobillər keyfiyyətli və etibarlı olsa da, son dövrlər müasir texnologiya ilə ayaqlaşa bilmədilər:
“Elektromobil istehsalında geri qaldılar, həm də qiymət siyasətində böyük səhvlərə yol verdilər. Hazırda Çin avtomobillərinin funksionallığına, formasına görə təqdim etdiyi qiymətlər Avropa ilə müqayisədə qat-qat aşağıdır. Müştəriyə isə dözümlülük və qiymətlərin münasibliyi lazımdır. Bu amillər Çin avtomobillərinin alışını cazib edir”.
Yasin Mustafayev
Ekspert bildirib ki, prosesin mənfi və ya müsbət tərəflərini zaman göstərəcək:
“Hazırda avtomobillərin servisi, ehtiyat hissələri baxımından müəyyən çətinliklər var. Amma hər yeni avtomobildə bu, müşahidə edilir. Məsələn, 2024-2025 model maşınların ehtiyat hissəsi bazara müəyyən müddətdən sonra gəlir. Ümid edirəm, Çin avtomobillərində də belə olacaq”.
Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov isə bildirib ki, rəqabətə dözümlülükdə tab gətirə bilməyən aparıcı dünya brendləri qismən avtomobil bazarından sıxışdırılıb çıxarıla bilər:
Rövşən Həsənov
“Söhbət Almaniya, İngiltərə, İspaniya, İtaliya, Fransa və digər ölkələrdən gedir. Amma bu o demək deyil ki, Çin avtomobillərinin keyfiyyəti də qiyməti kimi münasibdir. Nəqliyyat vasitəsini almamışdan öncə onun servisi, ehtiyat hissələrini diqqətlə nəzərdən keçirmək lazımdır”.
Əliyar Xəlil
Globalinfo