Oktyabrın 20-də Moldovada keçirilən referendumun yekun nəticələrinə əsasən əhalinin 49.54 faizi Avropa İttifaqına qoşulmağın əleyhinə səs verdi. Ekspertlər iddia edir ki, moldovanlar Ukraynanın taleyini yaşamaqdan qorxduqları üçün belə qərar veriblər.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiyanın növbəti hədəfinin hansı ölkə olacağını indidən demək çətindir:
“Bu, tamamilə Ukrayndakı savaşın nəticəsindən asılıdır. Hələ ki müharibənin sonu görünmür. Növbəti hədəf Moldova ola bilər, ancaq məsələ həm də Qərbin mövqeyindən asılıdır.
Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasının səbəbi Qərb və NATO-nun genişlənmə cəhdi olmuşdu. Mümkündür ki, perspektivdə ABŞ Moldova vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmaq istəsin.
Avropa İttifaqı ilə bağlı məsələyə gəldikdə isə söyləməliyik ki, Moldova indiki halda Rusiya ilə münasibətləri pisləşdirməkdə maraqlı deyil. Ona görə də təmkinli davranır. Lakin gələcəkdə yanaşmaların dəyişməsi mümkündür”.
Turan Rzayev
Globalinfo.az