Xaricdəki azərbaycanlılara təhlükə – təxliyə nə zaman başlayacaq?

Xaricdəki azərbaycanlılara təhlükə - təxliyə nə zaman başlayacaq?

İsrailin “Hizbullah” və HƏMAS-la müharibə aparması bəzi məsələləri gündəmə gətirib. Onlardan biri də Yaxın Şərqin bir neçə ölkəsinə səfərlərin dayandırılmasıdır.

Belə ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsrailə uçuşları dayandırıb. Vəziyyətin kritik olduğu deyilir. Amma rəsmi qurumlar o ölkələrdəki vətəndaşların Azərbaycana gətirilmədiyini deyir.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, AZAL İsrailə uçuşları dayandırmaq haqqında qərarı hələ 24 sentyabrda, yəni İsraillə Livan arasında münasibətlərin kəskinləşdiyi anda qəbul edib.

Onun sözlərinə görə, bu, ilk belə hal deyil:

“Bundan əvvəlki dönəmlərdə, məsələn, keçən ilin oktyabrında müharibə təzə başlayanda da oxşar qərarlar qəbul olunmuşdu. Bu da təbiidir. Çünki istənilən ölkənin və aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir. Odur ki, təkcə AZAL deyil, müxtəlif ölkələrin avişirkətləri oxşar qərarlar qəbul ediblər.

Xaricdəki azərbaycanlılara təhlükə - təxliyə nə zaman başlayacaq?

Yusif Bağırzadə

“Wizz Air”, “British Airways” və s. bu kimi şirkətlər də İsrailə uçuşları dayandırıblar. Xüsusilə indiki halda, müharibənin coğrafiyasının genişlənmə ehtimalının, İsrail-İran savaşının olma ehtimalının kifayət qədər yüksək olduğu bir dönəmdə belə qərarların qəbulu tamamilə başadüşüləndir”.

Politoloq deyib ki, insanımızın müvafiq ərazilərdən, yəni Livan, İsrail və digər ölkələrdən təxliyəsinə gəldikdə isə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün yaydığı məlumatda təxliyə ilə bağlı vətəndaşlarımız tərəfindən hər hansı bir müraciətin daxil olmaması haqqında açıqlama verib:

“Başqa sözlə, təxliyə üçün qərar istənilən ölkədə müraciətlər olduğu halda qəbul olunur. Məsələn, Türkiyə Livandakı vətəndaşlarının müraciəti əsasında bu gündən etibarən təxliyə işlərinə qərar verib. Əgər müharibə zonalarında olan vətəndaşlarımızın da oxşar müraciəti olacaqsa, təbii ki, Azərbaycan dövləti də buna uyğun qərarlar qəbul edəcək”.

Zaira Akifqızı
Globalinfo.az