Alıcıların nəzərinə: Bu məhsulları mağazalardan ödənişsiz əldə edə bilərsiniz

Alıcıların nəzərinə: Bu məhsulları mağazalardan ödənişsiz əldə edə bilərsiniz

Vaxtaşırı ictimaiyyətdə marketlərlə bağlı narazılıq ifadə olunur. Belə ki, alıcılar məhsulu piştaxtada ucuz qiymətə görür, götürür, kassaya gəldikdə isə başqa mənzərə ilə, yəni baha qiymətlə qarşılaşırlar. Bu da ictimaiyyətdə haqlı narazılıqlara səbəb olur. Belə olan halda alıcı nə etməlidir?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, alıcı ilk növbədə mütləq irad bildirməli və hər iki qiymətin şəklini çəkməlidir. Onun sözlərinə görə, məhsul fərqli qiymətə olduqda alıcı ödəniş etmədən onu əldə edə bilər:

“Bu məsələ Mülki Məcəllə ilə tənzimlənir. Biz mağazadan nəsə aldıqda şifahi halda alqı-satqı müqaviləsi bağlayırıq. Bəzən elə bilirlər müqavilə yalnız yazılı və rəsmi qaydada olur, amma yox. Məsələn, mağazadan nəyinsə alınması alqı-satqı, ictimai nəqliyyatda olunan ödəniş daşıma müqaviləsidir. Marketlərdə hansısa məhsulun üzərində qiymət yazılıbsa, bu o deməkdir ki, həmin mağaza o malı mənə görünən qiymətə satmağı təklif etdi. Mən onu götürüb kassaya gəlirəmsə, deməli, aramızda şifahi müqavilə imzalanıb. Bağlanmış müqavilə üzrə qiyməti dəyişmək qanunsuzdur”.

Alıcıların nəzərinə: Bu məhsulları mağazalardan ödənişsiz əldə edə bilərsiniz

Hüquqşünas deyib ki, müştəri qanunsuzluqla qarşılaşdıqda baş verənləri sübut kimi video və ya foto kimi çəkməlidir:

“Bəzən müştəri nə edəcəyini bilmir. Amma piştaxtada olan qiymətlə qəbzdə yazılan fərqli qiymətin şəklini və ya videosunu sübut kimi çəkmək lazımdır. Onu da deyim ki, məhsulu alan şəxs belə halla qarşılaşdıqda ümumiyyətlə ödəniş etmədən həmin məhsulu əldə edə bilər. Bu yaxınlarda dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaratdı. Haqsızlıqla qarşılaşan şəxslər ya məhsulu ödənişsiz götürə, ya da həmin agentliyə şikayət edə bilərlər. Ödəniş edib alsalar da, şikayətdən sonra pulları geri qaytarılacaq. İnsanlar haqlarını tələb etmədikcə, bu kimi hallar çox yaşanacaq”.

Zaira Akifqızı
Globalinfo.az