Avtomobil qəzalarından sonra ortaya çıxan problemlərdən biri də tərəflərin qarşılıqlı tələb və gözləntiləridir. Bəzən avtomobili ziyan görmüş şəxs təmir-bərpaya razı olmur və qarşı tərəfdən yeni avtomobil tələb edir.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Cavad Cavadov deyib ki, buna yalnız mütəxəssislər qərar verə bilər.
Onun sözlərinə görə, zərərin qiymətləndirilməsi müvafiq mütəxəssislərin rəyi əsasında müəyyənləşir:
“Məsələn, sığorta şirkəti dəymiş ziyanın 5 min manatını ödəyir. Çatışmayan məbləği isə qəza törədən şəxs əlavə edir. Avtomobil sahibi bunu qəbul etməsə, yenisinin alınması ilə bağlı ekspertiza keçirilməlidir. Rəy verilməlidir ki, bu maşın istifadəyə yararlıdır, yoxsa bərpa olunması mümkün deyil.
Bunu məhkəmə yox, ekspertlər qiymətləndirir. Son qərar da mütəxəssislər tərəfindən verilməlidir. Bundan sonra artıq məhkəmə yekun sözü deyəcək. Əgər maşın təmirə yararlıdırsa, sadəcə, vurulan zərər ödəniləcək”.
Zaira Akifqızı
Globalinfo.az














