azerbaycan ermenistan

Azərbaycanla Ermənistan delimitasiya ilə razılığa gəlib. Rəsmi xəbərdə deyilir ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb.

Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Bu Əsasnamə iki ölkəyə nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Mətin Məmmədli deyib ki, sərhədlərin delimitasiyası üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılan sülh prosesinin ən vacib istiqamətlərindən biridir:

metin memmedli

Mətin Məmmədli

“Danışıqlarda əldə olunan razılıqlar, irəliləyişlər sülh prosesinə ciddi təsir göstərir. Aprel ayında hər iki ölkənin sərhəd komissiyaları razılıq əldə etmiş, buna əsasən Qazax rayonunun 4 kəndi Azərbaycana geri qaytarılmışdı. Bu delimitasiya üzrə aparılan danışıqlara da müəyyən təkan vermişdi. Hər iki ölkə tərəfindən müəyyən irəliləyiş kimi dəyərləndirilmişdi. Həmin ayda imzalanan protokola görə, hər iki ölkənin sərhəd komissiyası bütövlükdə komissiyanın Əsasnaməsini müəyyənləşdirməli idi. Bu gün həmin Əsasnamə razılaşdırılıb. Hesab edirəm ki, sözügedən razılıq delimitasiya üzrə danışıqların inkişafına təkan verəcək. Bütövlükdə iki ölkə arasında normallaşma prosesinə müsbət təsir göstərəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: