erdogan baki

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib. Ərdoğanın İlham Əliyevə təşəkkürü əslində Türkiyə-Azərbaycan münasibətlərinin korlanmasını arzulayanlara cavab sayıla bilər.

Xatırladaq ki, son vaxtlar rəsmi Ankara ilə Bakı arasında soyuqluğun yarandığına dair məlumatlar dolaşırdı. İddia olunurdu ki, R.T.Ərdoğanın AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına “Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik” sözləri münasibətlərdə durğunluq yaradıb. Milli Məclisin rəsmi orqanı “Azərbaycan” qəzetində bu tezisə verilən cavab deyilənləri təsdiqləyirdi. Amma göründüyü kimi, yaranmış anlaşılmazlıq, inciklik tez bir zamanda aradan qaldırılıb. Hiss edilir ki, Ankara ortamı yumşaltmağa, toparlamağa çalışır.

Bir məqamı vurğulamaq lazımdır ki, iki qardaş ölkənin münasibətlərinin daha da pisləşməsinə çalışan qüvvələr bu mərhələdə aktivləşib. Məsələni qabardıb, münasibətlərin daha çox zədələnməsinə çalışır.

Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Azərbaycanla Türkiyə arasında qısa müddətdə soyuqluq sayılacaq dövr oldu:

Abutalib semedov 121

Abutalıb Səmədov

“Türkiyə Prezidentinin məlum bəyanatı inciklik yaratmışdı. Bundan sonra Türkiyə əleyhinə fikirlər səsləndirildi. Qardaş dövlətlə münasibətləri qorumaq üçün bəzən uğursuz bəyanatları görməzdən gəlmək olar. İzmirdəki yanğınlar zamanı iki dövlət başçıları arasında telefon danışığının aparılması, Azərbaycanın Türkiyəyə amfibiya təyyarəsi göndərməsi və yanğınların söndürülməsində təyyarələrin ciddi rol oynaması fonunda Ərdoğanın Əliyevə telefon vasitəsilə təşəkkür etməsi yaranmış, müəyyən qədər də şişirdilən soyuqluğun bitdiyinin göstəricisidir. Bu cür ehtiyatsız bəyanatları ölkəmizdə və xaricdə gözləyənlər çox imiş. Həmin imkandan istifadə edərək iki ölkə arasında münasibətləri pozmaq üçün addımlar atırlar”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: