Rusiya hökuməti ilə bağlanan son müqavilələr, imzalanan sənədlər, özəlliklə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında imzalanan sənədlər müzakirələrə səbəb olub. Görəsən, bu sənədlər Azərbaycandan şimal qonşumuza aparılan kənd təsərrüfatı məhsullarının maneəsiz keçidinə müsbət təsir göstərəcəkmi?
Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, Rusiya ilə bütün səviyyədən olan əlaqələrin genişləndirilməsi yaxşı haldır.
O deyib ki, Rusiya Azərbaycanın real sektorunda istehsal olunan məhsulların ən yaxşı bazarlarından biri hesab olunur:
Fikrət Yusifov
“Lakin təcrübə göstərir ki, Rusiya ilə iqtisadi müstəvidə əlaqələrin özünəməxsus xüsusiyyətlərini mütləq nəzərə almaq lazımdır. Bəzən bu incəlikləri nəzərə almaq istəmədiyimizdən problemlərlə rastlaşırıq. Baxın, Rusiya Belarusla bir ittifaqda birləşmiş ölkədir. Amma iki ölkə başçıları arasında yaranan hər hansı bir anlaşılmazlıq illərdir Belarusdan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının keyfiyyətində problemlərin “aşkarlanması” ilə nəticələnir. Yəni Rusiya siyasi müstəvidəki münasibətlərə asanlıqla iqtisadi müstəvidən “aydınlıq” gətirə bilir.
İqtisadçının fikrincə, incəliklərə fikir vermək lazımdır:
“Biz bunu Rusiya-Avropa münasibətlərində qaz şantajı yaşananda, Türkiyədən pomidor ixracına qadağa qoyulanda da aydın görə bildik. Bir sözlə, Rusiya ilə əməkdaşlıq etmək lazımdır, ancaq barəsində danışdığımız “incəlikləri” diqqətdən qaçırmaq olmaz”.
Zaira Akifqızı
Globalinfo.az