Qərb ölkələri onlara sığınan və hərbi xidmətə yararlı olan ukraynalıları tapmaqda və həmin şəxsləri geri göndərməkdə Kiyevə kömək etməyəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blomberg” nəşri məlumat dərc edib.
Nəşr yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski ikitərəfli görüşlər çərçivəsində müttəfiqlərindən bu barədə xahiş edib. Bununla belə, Polşadan Macarıstana qədər bütün ölkələrin siyasətçiləri müharibə davam etdiyi müddətdə ukraynalı qaçqınları vətənlərinə göndərməyəcəklərini bəyan ediblər.
“Bloomberg” qeyd edir ki, Qərb ölkələrinin qaçqınları qəbul etməsi ilə bağlı humanitar qaydalar mövcuddur. Bundan əlavə iqtisadi məsələlər də var. Belə ki, Avropada işçi qüvvəsi çatışmazlığı Qərbi bu məsələdə Ukrayna ilə fikir ayrılığına sövq edir. Minlərlə ukraynalı kişi müharibə başlamazdan əvvəl uzun illər Polşa və Çexiyada çalışıb.
Qeyd edək ki, Ukrayna hakimiyyətinin məlumatına görə, 2022-ci il fevralın 24-dən etibarən səfərbərlik yaşında olan təxminən 650 min kişi xaricə gedib.
Müşviq Tofiqoğlu
Globalinfo.az