Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində deyib ki, Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər, məsələ müzakirə olunur.
“Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki Azərbaycanın Rusiyada iki Baş Konsulluğu var – Yekaterinburqda və Sankt-Peterburqda”, – Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd edib.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiyanın Qarabağda konsulluq açmaq istəməsi bəlli idi:
“Kreml bu istiqamətdə bir müddət öncə Qriqori Karasin üzərindən mesaj vermişdi. P.Bülbüloğlunun da məsələ ilə bağlı pozitiv mesaj verməsi bu istiqamətdə təmasların davam etdiyini göstərir.
Konsulluğun ehtimal açılma yeri Xankəndidir. Amma başqa şəhər də ola bilər. Bunu Azərbaycan tərəfi müəyyən edəcək. Qarabağda bərpa prosesi hələ davam edir. Yəni konsulluğun açılması ilə bağlı razılıq əldə edilsə də, bu, vaxt aparacaq”.
Politoloq deyib ki, indiki məqamda Rusiyanın Qarabağda konsulluq açması iki səbəblə bağlıdır:
“Birincisi, Türkiyənin Şuşada konsulluq açacaq olması;
İkincisi, Kremlin Qarabağda gələcəkdə rus əsilli şəxslərin yaşamasını istəməsi;
Bakı bütün risk faktorlarını nəzərə alır. Yəni Rusiyanın ata biləcəyi bütün addımlar hesablandıqdan sonra yekun qərar veriləcək. Amma bu bir həqiqətdir ki, bu gün Qarabağda rus əsilli şəxslər yaşamır. Yəni konsulluq açılsa da, uzun müddət fəaliyyətsiz qala bilər”.
Turan Rzayev
Globalinfo.az