“Paris-2024” Yay Olimpiya Oyunlarında böyük rəzalət yaşanır. İdmançılar arasında kütləvi şəkildə karonovirusa yoluxma halları var. Həmçinin müxtəlif ölkələrdən olan bir çox idmançının onlara verilən evlərdən narazılıq etdikləri bildirilir. Hətta kanadalı idmançının qaldığı evdə kondisioner olmaması səbəbi ilə parkda gecələdiyi ilə bağlı görüntülər yayılıb.
Lakin ən böyük skandal Sena çayında ekoloji problemlərin olması səbəbi ilə üzgüçülük yarışlarının təxirə salınmasıdır. Məlumata görə, yarışda iştirak edən bir neçə idmançı çaydan çıxdıqdan sonra özünü pis hiss edib. Bəziləri qaytarıb, halsızlanıb. Maraqlıdır ki, oyunlar hələ başlamadan öncə çayda vəziyyətin yaxşı olmaması xarici KİV-də intensiv olaraq vurğulanırdı. Lakin Fransanın idman naziri Ameli Udea-Kastera oyunlara az qalmış Sena çayında dalğıc kostyumunda üzüb. Nazir bununla məlumatları “təkzib” etdiyini, heç bir problemin olmadığını deyib.
Diqqətçəkən məqam isə bütün bunlara baxmayaraq Fransanın COP29 qabağı Azərbaycanda ekoloji problemləri qabartmaq üçün fəaliyyətə başlamasıdır. Paris ölkəmizi gözdən salmaq üçün var gücü ilə işləyir. Hətta bunun üçün Bakıya Teofil Simon adlı jurnalist göndərib.
Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Hikmət Babaoğlu deyib ki, hazırda dünya mətbuatı Fransada keçirilən “Paris-2024” oyunlarının həm təşkilatı, həm idman hüququ, həm də etikası baxımından fiaskoya uğradığı haqqında hər gün müxtəlif yazılar dərc edir:
“Artıq bir neçə dəfə Parisin xətalarına görə Beynəlxalq Olimpiya Komitəsi üzr istəməli olub. Ümumiyyətlə, oyunların keçirildiyi tarixdən bəri ən pis təşkil olunmuş olimpiya kimi tarixə düşəcək.

Bütün bunlar azmış kimi, idman oyunları Fransa mediası tərəfindən də istismar edildi. Olimpiada sülh fəlsəfəsinin əleyhinə olaraq idmanı çirkin siyasi alətə çevirdi və Azərbaycanın əleyhinə təbliğat ruporu kimi istifadə olunmağa cəhd edildi. Ancaq fransız mediasının bu cəhdi nəticə etibarilə onların özlərinin ifşasına çevrildi. İndi isə Fransa Azərbaycana informasiya desantı atmaqla öz ayıbını ört-basdır etməyə çalışır. Ancaq son 4 ildə Fransanın Azərbaycana qarşı bütün cəhdləri iflasa uğradıldığı kimi bu informasiya təxribatı cəhdi də nəticədə öz əleyhinə yönəlmiş olacaq”.
Turan Rzayev
Globalinfo.az














