“77 yaşlı Xocalı sakini Nərxanım Qarayeva ilə 10 il əvvəl, 2014-cü ilin avqustunda Ağcakənddə “Əsir Düşərgəsi” üçün müsahib axtaranda rastlaşmışdım. Müsahibə vermədi”.
Globalinfo.az xəbər verir ki, bu sözləri jurnalist Vüsalə Məmmədova 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşən, bu gün isə tapılaraq torpağa tapşırılan şəhid Usubəli Qarayevin anası ilə bağlı xatirələrini bölüşərkən deyib.
O, Nərxanım Qarayevanın uzun illər oğul yolu gözlədiyini qeyd edib.
Şəhid anası deyib: “Biləm ki, dediyimi yazacaqsınız, gedib elə yerə çıxacaq ki, orda onu itkin balam oxuyacaq, durub gələcək… Neçə ildir danışdım, gördüm gəlmir, daha nə faydası! İyirmi iki ildir gözüm yoldadır, gördüm-bildim deyən yoxdur… Balamın üzü bu günə kimi gözümün qabağındadır. Elə bilirəm danışsam, yenə götürüb aparacaqlar…”
V.Məmmədova daha bir təsirli məlumat bölüşüb:
“Elə ayaqüstü nə danışdısa, onları yazdım. Öyrəndim ki, Nərxanım nənə 22 ildir qapısına kilid vurmur, “bir gecə Yusifəli gələr, qapı üzünə bağlı olmasın”, deyir… Sözarası “Yusifəlini vurdular, güllə səsini eşitdim” deyən qohumundan da incik olduğunu söylədi: “Bala, yalan deyir! Yusifəli anası ölmüş cavan oğlan idi! Cavan uşağı da öldürərlərmi? İki körpənin atası da ölərmi? Balam yaşayır, gələcək…”
Xanım jurnalist N.Qarayevanın oğlunun qalıqlarının Xocalıda dəfn edildiyini vurğulayıb:
“O görüşümüzdən 10 il keçir. Artıq Nərxanım nənə bu gün hüzura qovuşur. Çünki Yusifəlinin nəhayət ki, özü olmasa da, xəbəri gəldi. Bu dəqiqələrdə Yusifəli 32 ildən sonra Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn edilir. Şəhidlərimizə və bu dünyadan gözü övlad yolu gözləyərək köçən valideynlərə ehtiramla”.
Zaira Akifqızı
Globalinfo.az