“Fransada keçiriləcək seçkilərdə heç bir partiya təkbaşına hökuməti qurmaq üçün lazım olan çoxluğunu – 289 yeri əldə edə bilmədi. Bu zaman isə maraqlı mənzərə ortaya çıxıb”.
Bu sözləri Globalinfo.az -a politoloq Zeynal Əmrəliyev Fransa baş verən iğtişaşlar və siyasi böhran haqda danışarkən deyib.
Onun sözlərinə görə, Fransa parlamentinə 3 böyük qüvvə düşüb:
“Jan Lük Melanşonun Solçu Yeni Xalq Cəbhəsi, Prezident Emmanuel Makronun tərəfdarları və ultra sağçı Marin Le Penin Milli Cəbhəsi. Nə Makron, nə də Melaşon Le Penlə ittifaq qurmaq istəmir.
Dünən gecə Melanşon Makronla da ittifaq qurmaq istəmədiyini bildirdi. Onun istədiyi ölkədə siyasi böhran yaratmaq və Makronun parlamentdə dəstəyini alaraq təkbaşına azlıq hökuməti qurmaqdır. Digər bir yandan Makronun partiyası da koalisiya hökumətini istəmirlər. Baş nazir Qabriel Attal istefa verəcəyini bildirib. Bu isə ölkədə siyasi böhranın yaranmasına gətirib çıxaran amildir”.

Zeynal Əmrəliyev
“Melanşon solçu komandası ilə azlıq hökuməti qura bilər, ancaq bu hökumət çox az müddətə işləyəcək. Fransada prezidentin səlahiyyəti var ki, 1 il sonra ölkədə yenidən növbədənkənar parlament seçkilərinə getsin. Ehtimal ki, bu olacaq, çünki hazırda parlamentdə olan qüvvələr bir – birinə zidd siyasilərdir. Belə olan halda Fələstin məsələsi ilə bağlı da solçuların hansısa müsbət qərar verəcəyini gözləmək əbəsdir. Bu o halda ola bilər ki, digər siyasi qüvvələr də bu məsələdə razılığa gəlsinlər. Ümumilikdə deyə bilərik ki, Fransanı çox ağır siyasi böhran gözləyir.
Ölkə bu böhranı aşmaq üçün növbədənkənar yenidən seçkiyə getməlidir ki, bu, yaxın gələcəkdə çox da mümkün deyil”, – Z.Əmrəliyev bildirib.
Turan Rzayev
Globalinfo.az