resize 1

Azərbaycanın qərb və şimal-qərb bölgələrində havanın kəskin soyuması, bir neçə rayona qar yağması sözügedən ərazilərdə təbii qaz və elektrik enerjisinin təchizatı məsələsini yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bu günə qədər ciddi bir qəzanın olmadığını bildirib:

“Azərişıq” ASC qış mövsümündə istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirib. Hazırlıqla bağlı öncədən komissiyası yaradılıb, Elektrik Şəbəkələri üzrə “Tədbirlər Planı” tərtib olunub. 2500-dən artıq müxtəlif gücdə transformator məntəqəsi və yarımstansiyada elektrik avadanlıqlarının, 6500 km-a yaxın elektrik veriliş xətlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. Əlavə olaraq, Bakıda və regionlarda 100-dən çox müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb, 440 km-dən artıq müxtəlif gərginlikli kabel və hava xətləri çəkilib. Ölkə üzrə bütün elektrik şəbəkələr qış üçün material və avadanlıq ehtiyatı ilə həmçinin maşın mexanizmlə təmin olunub. İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar “Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər”.

359761

“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qazla bağlı problemin olmadığını bildirib:

“Bölgələrimizdən ciddi bir siqnal daxil olmayıb. Əməkdaşlarımız həmin ərazilərdədir. Hər şey qaydasındadır”.

Eldəniz Vəliyev bildirib ki, hər hansı bir qəza baş verdikdə “Azəriqaz”ın müvafiq xidmətləri dərhal hadisə yerində olur, problemi tez bir zamanda həll edirlər.

Qeyd edək ki, bu gün Daşkəsən rayonunda işıq problemi yaşanıb. Belə ki, qarın ağırlığından irigövdəli ağacın budağı qırılaraq elektrik xəttinin üzərinə düşüb, şəhərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb. Daha sonra aidiyyatı qurumlar tərəfindən görülən işlər nəticəsində şəhərin bir qismində elektrik enerjisinin verilməsində yaranmış fəsad aradan qaldırılıb.

1049433

Zaira Akifqızı
Globalinfo.az

 

 

 

Paylaş: