Polish 20240521 185945078

İranda baş verən helikopter qəzasına görə ABŞ-a qarşı beynəlxalq qınaq başlayıb. İddia edilir ki, Vaşinqtonun İranı sanksiyalar altında saxlaması bu ölkənin təyyarə parkının köhnə qalmasına səbəb olur.

Son illər bir neçə dəfə sanksiyalar yumşaldılıb, yaxud müvəqqəti götürülüb. Boeinq (ABŞ) və Airbus (Avropa) təyyarələrinin İrana maneəsiz satışı gündəmə gətirilsə də, danışıqlar sonradan dayandırılıb. İndi əsas tezislərdən biri budur ki, Qərbin sanksiyaları yüzlərlə, minlərlə insanın həyatını təhlükəyə atır.

Son hadisədən sonra ABŞ-la İranın bu istiqamətdə nə kimi anlaşması ola bilər? Dövlət Departamentinin sözçüsü bu haqda danışarkən deyib ki, sanksiyalara səbəb İran özüdür. O bildirib ki, İran mülki təyyarələrdə qeyri-leqal silah daşınması həyata keçirir. 

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, ABŞ və İran arasında danışıqlar daim davam edir.

natiq ceferli real

Natiq Cəfərli

Onun sözlərinə görə, hətta bu gün də o danışıqların İsveçrə üzərindən aparılması xəbərləri yayılır:

“İrana qarşı olan sanksiyaların kökündə tarixən İranın öz davranışları dayanıb. Proksi qüvvələrin Yaxın Şərq bölgələrində nə qədər təsirli olduğunu da görürük. İstər husilər, istər Hizbullah, istər Suriya və ya İraq ərazisində bunu görmək mümkündür. Sanksiyalar boş yerdən yaranmayıb axı. Tehran ona qarşı olan sanksiyaların yumşaldılması üçün gərək özü də müəyyən addımlar atsın. Barak Obamanın ABŞ prezidenti olduğu zaman belə bir cəhd oldu, müəyyən anlaşma yaşandı. Amma sonradan Donald Tramp həmin anlaşmanı ləğv etdi”.

N.Cəfərli deyib ki, hətta hava daşımaçılığı üçün İran ilkin müqavilələr də bağlamışdı:

“İran 200-ə yaxın yeni təyyarə almasına dair müqavilə bağlamışdı, lakin sonradan bu da dayandırıldı. Bunun dinc insanlar üçün də müəyyən təhlükələri var, amma indiki qarışıq dönəmdə İrana qarşı sanksiyaların aradan qalxacağını düşünmürəm. Yəqin, hər kəs ABŞ-dakı prezident seçkilərini gözləyir. Onsuz da dünya siyasəti bu ilin noyabrında baş tutacaq seçkilərə görə hesablanır. O seçkilərdə çıxan nəticələrdən sonra artıq bir çox sahələrdə, həm də İranla münasibətlərdə hansı yöndə dəyişikliklərin olacağı məlum olacaq. Əgər Tramp qalib gələrsə, İrana qarşı sanksiyaların yumşalacağına ümid qalmır”.

news 20220123125310

Vüqar Zifəroğlu

Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, qəza ilə bağlı keçmiş İran rəsmilərindən bəzi açıqlamalar oldu:

“İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif dedi ki, qəzanın səbəbkarı ABŞ-dır və onlar üzr istəməlidirlər. Çünki sanksiyalar səbəbi ilə müxtəlif uçuşlar üçün nəzərdə tutulmuş avadanlıqları yeniləmək olmur.

Qəzadan sonra mütəxəssislərin rəyi də birmənalı şəkildə o oldu ki, doğrudan da qəzanın səbəbi helikopterin istismar müddətinin bitməsi ilə əlaqədardır. Oradakı avadanlıqların işlək vəziyyətdə olmaması ilə bağlıdır. İstər İranın özündə, istər Türkiyə, istərsə də Avropa ölkələrindən olan ekspertlər bu məsələyə rəy bildiriblər. Burada ilk növbədə ABŞ-ın məhz uçuş avadanlıqları ilə bağlı İrana tətbiq etdiyi sanksiya məsələsini gündəmə gətirildi”.

V.Zifəroğlu məlum hadisə ilə bağlı ABŞ rəsmilərinin də məsələyə öz münasibətlərini bildirdiklərini qeyd edib:

“ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller M.C.Zərifə cavab olaraq ABŞ-ın İrandan üzr istəməyəcəyini bildirdi. Əksinə, sanksiyaların davam etdiriləcəyini söylədi. Hətta bunun da səbəbini İranın öz təyyarə və helikopterlərindən istifadə edərək proksi qüvvələrə dəstək verməsi ilə əlaqələndirdi. Bununla da anlaşılır ki, onlar sanksiyaları dayandırmaq və ya yumşaltmaq niyyətində deyillər. M.Miller onu da qeyd edib ki, bu qəzada məhz İran hökuməti özü günahkardır. Gərək 45 illik helikopteri çətin iqlim şərtləri olan yerdə istifadə etməzdilər. Lakin qəzaya görə başsağlığı verdilər, təəssüfləndiklərini də bildirdilər. İstənilən halda, həmin qəza çox ağrılı hadisədir. İran cəmiyyəti, dövləti üçün faciədir. Ümumilikdə qəzanın baş verməsi şübhəsiz ki, bəzi düşündürücü məqamları ortaya atır. Dialoqun qurulması vacibdir və bu cür sanksiyaların yumşalması gündəmə gəlməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: