Sabiq nazirin oynadığı havanın maraqlı tarixçəsi: türmədə ağaran saçlar… – VİDEO

Sabiq nazirin oynadığı havanın maraqlı tarixçəsi: türmədə ağaran saçlar... - VİDEO

Sabiq təhsil naziri Misir Mərdanov və Xalq artisti Nazpəri Dostəliyevanın toy məclislərinin birində rəqs etməsi ilə bağlı görüntü ictimaiyyətdə maraq doğurub. Nazpəri xanımın ifa etdiyi “Naxçıvani” aşıq mahnısı Misir Mərdanovun ən sevdiyi hava imiş.

Maraqlıdır, “Naxçıvani” necə yarandı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan “Ozan məclisi” verilişinin aparıcısı, tədqiqatçı Qorxmaz Tofiqoğlu deyib ki, Nazpəri Dostəliyeva bu mahnını 20-25 il əvvəl oxuyub:

“Aranjimanı Siyavuş Kərimliyə məxsusdur. Sazda isə aşıq Zülfiyyə İbadova ifa edib. Mahnının məşhurlaşmasında Nazpəri xanımın rolu danılmazdır. Lakin ona qədər də “Naxçıvani” aşıqların repertuarında oxunurdu. Azərbaycanın aşıq sənətində havaların çoxu yer adları, (“Göyçə gülü”, “İrəvan çuxuru”), bir qismi isə şəxs adları ilə bağlıdır. Toponimlərlə bağlı havalar daha çox Naxçıvana aiddir. Məsələn “Naxçıvani”, “Köhnə Naxçıvan”, “Ağır Şərili”, “Yüngül Şərili” (Şərur əvvəllər Şərir adlandırılıb) və s. Bu havaların kim tərəfindən yarandığı konkret məlum deyil. Deyilənə görə, 1801-ci ildə anadan olan Aşıq Alı da Şərir havalarının müəllifidir. Amma ondan əvvəl də bu havalar mövcud olub”.

Sabiq nazirin oynadığı havanın maraqlı tarixçəsi: türmədə ağaran saçlar... - VİDEO

Qorxmaz Tofiqoğlu vurğulayıb ki, “Naxçıvani” havasının çox ifaçısı var:

“Sədaqət Rəsulovun ifasında “Zəliləm mən əlacsız yazıq, sən olubsan mənim canım, ağlama”, Əli Qurban Dastançının “Sürmə nə lazımır sənin qaşına, sürməni yöndəmsiz qaşa çəkərlər” misraları ilə başlayan qoşmasını Aşıq Firudin Kəlbəcərli “Naxçivani” üstündə oxuyub. Mikayıl Azaflının “Ağarmayın, ay saçlarım, amandır” şeiri isə bu havaya daha çox uyğundur. Burada misradaxili bölgü əsasdır. Əslində həmin dövrdə yeni həbsdən çıxan Mikayıl Azaflı olduqca populyar idi və bu da mahnının tanınmasına səbəb olmuşdu”.

Xatırladaq ki, Mikayıl Azaflı dövrün disident şairlərindən olub. Əksər şeirlərində Sovet quruluşuna açıq müxaliflik əksini tapıb. Onun “Qoca qartal” şeiri o vaxtlar rejim tərəfindən ciddi təftiş edilib. Deyilənə görə, sonralar şair sözügedən şeirdə bəzi redaktələr etmək məcburiyyətində qalıb. Yaradıcılığında quruluşa etiraza, tənqidə görə Aşıq Mikayıl Azaflı həbsxana həyatı yaşayıb. Onun türmədə yazdığı şeirlər indi də məşhurdur və aşıqlar, müğənnilər tərəfindən el şənliklərində vaxtaşırı oxunur.

Globalinfo.az “Ağarmayın, ay saçlarım, amandır” şeirini təqdim edir:

Cavanlığın, məhəbbətin eşqinə,
Ağarmayın, ay saçlarım, amandır.
Düz ilqarın, sədaqətin eşqinə,
Ağarmayın, ay saçlarım, amandır.

Haqq aşığı yaranıbdır qəm çəkə,
Ürəyimə saldım qara, xal, ləkə,
And verirəm saf vicdana, məsləkə,
Ağarmayın, ay saçlarım, amandır.

Elə bildim dağ başını qar alıb,
Ayaz vurub, çiçəkləri saralıb,
Görən deyir aşıq daha qocalıb,
Ağarmayın, ay saçlarım, amandır.

Baş titrəyər, əl uçunar, zar ağlar,
Ney inildər, saz sızıldar, tar ağlar,
Həsrət-həsrət baxar-baxar, yar ağlar,
Ağarmayın, ay saçlarım, amandır.

Azaflıyam, ağ saçlarım bir yana,
Gənclik getdi oldum dəli-divana.
Deyəcəklər dözəmmədi zindana,
Ağarmayın, ay saçlarım, amandır.

Safura Bənnayeva
Globalinfo.az