Avqustun 1-dən Qırğızıstanda energetika sektorunda fövqəladə vəziyyət rejimi tətbiq ediləcək. Bildirilir ki, qərar iqlim problemləri, Narın çayı hövzəsində aşağı su axını, enerji istehlakının sürətlə artması fonunda istehsal gücünün olmaması ilə bağlı ölkəni enerji böhranından çıxarmaq məqsədilə qəbul olunub.
Ümumiyyətlə son illərdə Qırğızıstanın üzləşdiyi ardıcıl problemlər, dövlətin içindən çıxa bilmədiyi böhran bəzi siyasətçilərin Rusiyaya birləşmək ilə bağlı iddialar irəli sürməsinə səbəb olur. Kremlə sadiq bu qüvvələr Qırğızıstanın Rusiyanın daxili subyektlərindən biri olmasını təklif edir.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan MAAM Türküstan Araşdırmalar Departamentinin eksperti Kamran Sultanlı deyib ki, Qırğızıstan Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tipik Rusiya yönümlü siyasətindən daha çox balans siyasətinə üstünlük verir:
“Qazaxıstan və Özbəkistan kimi regionun aparıcı və güclü ölkələri ilə müqayisədə Qırğızıstanın manevr imkanları məhduddur. Hər şeydən öncə Qırğızıstanda Rusiya hərbi bazası var, Qırğızıstan iqtisadi cəhətdən çox zəifdir və Rusiyadan kəskin asılıdır. Son illər isə bu asılılıq Çinin xeyrinə dəyişib. Lakin Qırğızıstan hazırda paralel idxalda Rusiyaya ən çox yardım edən ölkədir və bundan böyük gəlir əldə edir. Hətta bu yaxınlarda ABŞ Maliyyə Nazirliyi Rusiyaya yardım edən Qırğızıstan şirkətlərinə sanksiya tətbiq edib.
Buna baxmayaraq dil haqqında qanun, Türkiyə ilə hərbi əməkdaşlıq, Çinlə artan əlaqələr sayəsində Qırğızıstan suveren siyasətə çalışır”.
Ekspertin sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin ən zəif tərəfi onların quraqlıq içərisində olması və su problemidir:
“Hər kəsə bəllidir ki, su gələcək beynəlxalq münasibətlərin əsas mübahisə, hətta konflikt predmeti ola bilər. Misal olaraq Efiopiya və Misir arasında Mavi Nil uğrunda rəqabəti, Rusiyanın Krıma su yolunu açması üçün Ukraynaya kobud müdaxiləsi və digər nümunələrini göstərmək olar. Orta Asiyada olan bu problem bu ölkələri Rusiyadan iqtisadi və siyasi asılı vəziyyətə gətirə bilər. Qırğızıstanda Rusiya ilə aşırı yaxınlıq istəyən qüvvələr həmişə olub və yəqin indən sonra da olacaq. Lakin hazırkı hakimiyyət daha çox milliyətçi baxışlara malikdir. Şübhəsiz ki, onlar Rusiya ilə ticarətin əhəmiyyətini anlayaraq Rusiya ilə ehtiyatlı və praqmatik siyasətə üstünlük verirlər, lakin eyni zamanda suverenliyi də qorumağa çalışırlar.
Hələ Ukrayna müharibəsindən öncə Orta Asiya ölkələrində maraqlı bir layihənin müzakirəsi gedirdi. Aral dənizini doldurmağa kömək etmək üçün suyun Rusiyanın Sibirindən Orta Asiyadakı çaylara keçməsi məsələsi.
Mövcud iqtisadi şərtlər daxilində bu cür layihələrin həyata keçirilməsi, demək olar ki, mümkünsüz olsa da, bu layihə əslində bəzi Orta Asiya ölkələri və hətta Rusiya tərəfindən müsbət qarşılanırdı. Belə bir layihənin uğurla həyata keçirilməsi Rusiyanın bölgədəki mövqeyini möhkəmlədəcəkdi. Bu strateji hədəfə çatmaq üçün Rusiya Federasiyası bəlkə də müəyyən iqtisadi xərclər çəkməyə və bu su transferi layihəsinin həyata keçirilməsinə investisiya qoymağa hazır idi. Lakin Ukrayna müharibəsi bu planı təxirə saldı.
Orta Asiya ölkələrində olan su problemləri onların geosiyasi mövqelərində ən zəif halqadır. Lakin Rusiya bu gün Orta Asiyada zəifləməkdədir və Orta Asiya müstəqil regional məkan kimi qlobal sistemdə öz yerini gücləndirməyə çalışır.
Hesab edirəm ki, Orta Asiya ölkələri su mövzusunda Rusiya ilə mənfəət olan istiqamətlərdə əməkdaşlıq edəcəklər, xüsusilə Rusiyanın hazırda dünyaya çıxmaq üçün bu bölgədən asılı olması onların manevr imkanlarını artırır. Lakin uzaq perspektivdə Rusiya özünə gələrsə və bərpa olunarsa bu amildən gələcəkdə region ölkələrinə qarşı istifadə edə bilər”.
Turan Rzayev
Globalinfo.az