Son günlər Ermənistan tərəfindən aktivlik müşahidə edilir. Rəsmi İrəvan sanki bütün resurslarını işə salıb, müharibə etməyə çalışır.
Nikol Paşinyanın ötən həftəki bəyanatı (“müharibə ehtimalı reallaşır”), A.Mirzoyanın Azərbaycana dörd şərti, Xankəndidə gedən proseslər də bunu deməyə əsas verir.
Erməni silahlı birləşmələrinin keçmiş “komandiri” və Qarabağda qanunsuz rejimin “təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayan separatçıları “yerə enməyə” və müharibədən sonrakı reallıqları qəbul etməyə çağırıb.
Maraqlıdır, bu gedişat müharibə ehtimalını artırırmı? Yoxsa, Ermənistan bilərəkdən rəsmi Bakını bu müstəviyə çəkir?
Asif Nərimanlı
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Paşinyan da daxil olmaqla Ermənistan rəhbərliyinin müharibə ehtimalından bəhs etməsi sülh danışıqlarının mövcud vəziyyətindən, daha doğrusu, masada İrəvanın düşdüyü vəziyyətdən qaynaqlanır:
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin rəsmi Bakı bunun kağız üzərində rəsmiləşdirilməsi tələbindən çıxış edir. Əslində bu tələb təkcə Azərbaycanın yox, əsas danışıqların getdiyi Qərb – ABŞ və Avropa İttifaqı tərəfindən də irəli sürülür. Ermənistan masada indiyə kimi istəyini ala bilməyib. İşğal altındakı 8 kəndi qaytarmamaq üçün “barter” məntiqini ortaya atmaq məqsədilə 1975-ci il xəritəsindən çıxış etdilər, lakin qəbul olunmadı.
Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması adı altında “hüquqi münaqişə” planları da baş tutmur.
Belə bir vəziyyətdə danışıqlar masasındakı mövcud gündəliyini arxa plana keçirmək, gündəmi dəyişmək yalnız müharibə şəraitində mümkün ola bilər. Ermənistanın niyyətinin bu olduğu istisna deyil.
Sərhəddə hərbi eskalasiyanın yaşanması Ermənistana öhdəliklərindən imtina etmək imkanı verə, o cümlədən, irəli sürdükləri “güzgü prinsipi”ni – qoşunların sərhəd xəttindən geri çəkilməsini aktuallaşdıra bilər.
Ermənistan rəhbərliyinin müharibə ehtimalı da belə demək mümkünsə, alibi qazanmaq gedişi ola bilər. Sərhəddə təxribatlarla eskalasiyanı yarada, daha sonra bunun olacağını, “Azərbaycanın hücum edəcəyini demişdik” mövqeyini irəli sürə bilər.
O da istisna edilməməlidir ki, Paşinyan hakimiyyəti erməni cəmiyyətini sülh müqaviləsinə hazırlamaq məqsədilə müharibə qorxusundan bəhs edir. Bu da mümkün versiyalardan biridir, lakin fikrimcə, İrəvanın mövcud gündəliyi dağıtmaq məqsədilə eskalasiyaya getmək niyyəti daha real görünür, müharibə haqda deyilənlər də buna hesablanıb”.
Turan Rzayev
Globalinfo.az