WhatsApp Image 2026 11 17 at 15.22.28

Türkiyəli müğənni Güllünün sirli ölümü ilə bağlı araşdırmada yeni mərhələyə keçilib. Hadisə ilə əlaqədar dosyaya təqdim olunan yeni sübutların Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurasına (TÜBİTAK) göndərildiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə müğənninin oğlu Tuğberk Yağız Gülterin vəkili Rahmi Çelikin Yalova Respublika Baş Prokurorluğuna etdiyi müraciətdə qeyd olunub.

Bildirilir ki, 28 oktyabr 2026-cı il tarixli ilk, eləcə də 6 noyabr 2026-cı il tarixli ikinci hesabatda Güllüyə aid olduğu ehtimal edilən “Məni burax” və “Burax”, Sultan Nur Uluya aid edilən “At”, müğənninin qızı Tuğyan Ülkem Gülterə aid olduğu bildirilən “Pəncərədən tullan” və “Qaç, anam yoxdur, qaç” ifadələri yer alıb.

İkinci hesabatda Tuğyan Ülkem Gülterə aid olduğu iddia edilən “Kameraları bağladım” və “Bunu necə edəcəyimi düşünürəm” sözləri də diqqət çəkib.

Ekspertiza materiallarında kamera qeydlərində eşidildiyi bildirilən kişi səsinə aid ifadələr də yer alıb. İlk hesabatda həmin səsə “Səncə, qorxutmağa çalışır?”, “Qapını bağla”, “Şərəfin yoxdur” və “At” sözləri aid edilib.

İkinci hesabatda isə kişi səsi olduğu bildirilən danışıqda “Xeyr”, “Görmək istəmirəm” və “Pəncərədən atla” ifadələri qeydə alınıb.

Bununla belə, hesabatlarda kişi səsinin kimə məxsus olduğu dəqiq müəyyənləşdirilməyib. İkinci ekspert rəyində səs yazılarının hadisənin aydınlaşdırılması baxımından əhəmiyyətli olduğu, lakin təkbaşına hadisənin necə baş verdiyini qəti şəkildə müəyyən etməyə kifayət etmədiyi vurğulanıb.

Qeyd edək ki, Tuğyan Ülkəm Gülter anası “Güllü”nün ölümü ilə bağlı iş üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Xəstəxanada baş verdiyi iddia olunan hadisələrlə bağlı araşdırmalar isə davam edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: