Ordumuzun sirli qalan faciəsi: 6 il öncə bu gün nə yaşandı?

Müasir Azərbaycan Ordusu tarixinin ən müəmmalı olaylarından biri, bəlkə də birincisinin – “Tərtər işi”nin başlamasından 6 il ötür. 2017-ci ilin bu günlərində 3 qurum – DİN, DTX və Baş Prokurorluq birgə bəyanat yayaraq orduda 47 hərbçinin düşmənə satqınlıq etdiyini açıqladı. Ardınca hansısa proseslər getdi, lakin gözlənilən nəticə əldə edilmədi. 2021-ci ilin dekabrında Prezident İlham Əliyev bu məsələni nəzarətə götürdü. Bundan sonra xeyli insanın haqsız yerə həbs edildiyi, işgəncələrə məruz qaldığı üzə çıxdı.

Bəs hazırda “Tərtər işi” ilə bağlı durum nə yerdədir?

Mövzu barədə Globalinfo.az-a danışan millət vəkili Fazil Mustafa deyib ki, Prezident İlham Əliyev məsələni birbaşa nəzarətə götürdükdən sonra çox ciddi işlər görüldü:

“Belə ki, həm Baş Prokurorluq, həm də digər qurumlar bu istiqamətdə daha intensiv işlər görməyə başladılar. Sənədlər yenidən tərtib edildi, daha şəffaf araşdırma aparıldı.

Bu prosesin nəticəsində xeyli insan bəraət aldı. Proses bu gün də davam etməkdədir. İndi hansı mərhələdir, demək çətindir. Ancaq ümid edək ki, bu məsələ tam aydınlaşacaq. Çünki prosesin davam etməsi hər şeydən əvvəl dövlətin nüfuzuna zərər vurur. Dövləti töhmət altında saxlamaq olmaz. Bu cür hadisələrə vaxtında reaksiya verilməlidir. Əks təqdirdə ayrı-ayrı qüvvələr bunu əleyhimizə təbliğat vasitəsi kimi istifadə bilər”.

Turan Rzayev
Globalinfo.az