8 gün qaldı: Putin hansı qərarı verəcək?

“Böyük iyirmilik” (G20) toplantısı martın 1-də Hindistanda olacaq və bir neçə gün çəkəcək. Liderlərdən əvvəl G20 ölkələrinin xarici işlər nazirləri görüşəcək və liderlərin mövzularını müəyyən edəcəklər. Dehli toplantıda Rusiyanın iştirakına çalışır. Rusiya Prezidenti Vladimir Putinin bu toplantıda iştirakı ilə bağlı durum bəlli deyil. Kreml sahibi hələ qərar verməyib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, V.Putin G20 toplantısında iştirak edərsə, iki durumla üzləşəcək:

Birincisi, Putin toplantıda iştirak edəcəyi halda bəzi ölkələrin liderləri Hindistandakı toplantıdan imtina edə bilər. Onlar Putinlə eyni masada oturmaq istəməyə bilərlər.

İkincisi, Putin Hindistanda çox az sayda ikili görüş keçirəcək. Bu iki səbəbdən Putinin toplantıya qatılıb-qatılmayacağı haqda hələ qərar verilməyib. Ancaq Putin Qərb liderlərinin acığına Hindistandakı toplantıda iştirak edərsə, bununla göstərəcək ki, dünyadan izolə edilməyib və onun əlini sıxmaq istəyən liderlər var”.

Politoloqun sözlərinə görə, Qərb dövlətlərinin liderləri budəfəki “Böyük iyirmilik” toplantısında Rusiya əleyhinə hər hansı sənədin qəbuluna çalışmayacaqlarını bildiriblər:

“Çünki bu, mənasızdır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq fikrində deyil. Qərb liderləri isə Kremllə danışıqların nəticəsiz qaldığını anlayaraq Ukraynaya hərbi texnika yardımını artırıblar. Ona görə də Hindistandakı toplantıda Rusiya-Ukrayna müharibəsi müzakirə olunmayacaq.

“Böyük iyirmiliyin” Hindistandakı toplantısında üçüncü dünya ölkələrinin borc məsələsi, ərzaq təhlükəsizliyi, koronavirusla mübarizə, iqlim dəyişikliyi kimi mövzular müzakirə olunacaq. G20 ölkələrindən başqa toplantıya Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Niderland, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurun rəhbərləri də dəvət olunub”.

Turan Rzayev
Globalinfo.az