60 illik sükutu pozan 10 min sənəd…

IMG 4381

ABŞ hakimiyyəti 35-ci ABŞ Prezidenti Con Kennedinin kiçik qardaşı, senator Robert Kennedinin qətli ilə bağlı işdən 10 min səhifədən çox sənədi məxfilikdən çıxararaq ictimaiyyətə təqdim edib.

Globalinfo.az xəbər verir ki, sənədlər ABŞ-ın Milli Arxivinin rəsmi saytında yerləşdirilib.

“Senator Robert Kennedinin faciəli qətlindən təxminən 60 il sonra ABŞ xalqı nəhayət ki, federal hökumət tərəfindən aparılan istintaqın nəticələri ilə tanış olmaq imkanı əldə edəcək. Bu da Prezident Donald Trampın şəffaflığa can atmasının və liderliyinin nəticəsidir”, – Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard sənədlərin dərcindən sonra “X” sosial şəbəkəsində yazıb.

Qətlə yetirilən senatorun oğlu, ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi və Tulsi Qabbard birgə bəyanatla bildiriblər ki, sənədlər Milli Arxivdə saxlanılan materiallardan əl ilə skan edilib və sayta yüklənib. Onların sözlərinə görə, sənədlər “məxfiliyə dair minimal redaktə ilə – sosial sığorta nömrələri və vergi ödəyicilərinin identifikasiya nömrələrinin çıxarılması kimi – dərc olunub”.

“Robert Kennediyə dair sənədlərin üzərindən pərdənin qaldırılması ABŞ hökumətinə olan etimadın bərpası üçün vacib addımdır. Mən şəffaflıq yolunda göstərdiyi cəsarət və səylərinə görə Prezident Trampa təşəkkür edirəm”, — senatorun oğlu bildirib.

Tulsi Qabbard əlavə edib ki, sənədlərin araşdırılması zamanı əlavə 50 min səhifəlik arxiv materialı da aşkarlanıb və onların da yayımlanması üzərində iş aparılır. O vurğulayıb ki, Kennedi ilə bağlı digər sənədlərin axtarışı davam etdiriləcək.

Qeyd edək ki, bu ilin yanvarında Donald Tramp həm Con Kennedinin, həm də onun qardaşı Robert Kennedinin və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin qətlləri ilə bağlı gizli materialların dərc olunması barədə sərəncam imzalayıb. Martın 18-də bu sərəncama əsasən, Con Kennedinin qətli ilə bağlı sənədlər ictimaiyyətə təqdim edilib. Vəziyyətə nəzarət edən dövlət qurumunun məlumatına görə, bu günə qədər həmin cinayətlə bağlı olan 5 milyon səhifəlik sənədlərin 99 faizi artıq məxfilikdən çıxarılıb.

Yeri gəlmişkən, iordaniyalı Sirhan Sirhan senator Kennedini 1968-ci il iyunun 5-də, o, Kaliforniyada keçirilən ilkin prezident seçkilərində qalib gəldikdən dərhal sonra güllələyib. Onun sözlərinə görə, bu cinayəti Kennedinin ABŞ-dan İsrailə hərbi təyyarə satışını dəstəkləməsinə etiraz olaraq törədib. Sirhan əvvəlcə qaz kamerasında edam cəzasına məhkum edilmişdi, lakin həmin il ABŞ Ali Məhkəməsi ölüm hökmünü konstitusiyaya zidd hesab etdiyinə görə, cəza ömürlük həbsə çevrilib. 1975-ci ildən etibarən Sirhan bir neçə dəfə vaxtından əvvəl azadlığa buraxılmaq üçün müraciət etsə də, bu müraciətlər hər dəfə rədd edilib.

Aysel Əliyeva
Globalinfo.az