Moskva ilə İrəvan arasında nələr baş verir? – Overçukdan Bakını təəccübləndirəcək sözlər

Putin pasinyan 1314

“Rusiya-Ermənistan münasibətlərinin gərginliyi aysberqin görünən tərəfidir. Reallıqda iki ölkə arasında dərin bağlar qopmayıb”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndə Rusiyadakı dairələr onu “Qərbin adamı” kimi qələmə verdilər:

“Ancaq İkinci Qarabağ müharibəsi zamanı Rusiya “Qərbin adamı” adlandırdığı Paşinyana hərbi texnika və raketlər göndərməyi unutmadı. Müharibə dövründə silah və sursat müxtəlif yollarla Ermənistana çatdırılırdı.

Müharibədən sonra Nikol Paşinyan və onun ətrafı Rusiyadan narazı qaldıqlarını gizlətmir, hətta Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyini deyirdilər. Ancaq Ermənistan təşkilat üzvü olaraq qalır, Rusiyanın formalaşdırdığı Avrasiya İqtisadi Birliyindən faydalanır. Bu arada, Rusiya-Ermənistan iqtisadi və ticarət əlaqələrinin sürətli artımı da diqqəti çəkir”.

Politoloq deyib ki, Rusiya baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də İrəvanda Baş nazir Nikol Paşinyanla nə az, nə çox – 5 saat müzakirə aparıb:

“Overçuk Paşinyanla görüşü “məhsuldar” adlandırıb. Rusiya rəsmisi Ermənistan iqtisadiyyatının böyüməsindən məmnunluğunu da ifadə edib. Onun sözlərinə görə, 2024-cü ilin sonuna qədər Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 14 milyard dollardan 16 milyard dollara çata bilər.

Maraqlıdır ki, 2021-ci ildə ticarət əməliyyatlarının həcmi 2,6 milyard dollar təşkil edib, 2022-ci ildə isə 91,7% artaraq 5 milyard dollara çatıb, ötən il bu rəqəm 7,4 milyard dollara çatıb, bu il isə söylənildiyi kimi, tərəflər rekord göstərici əldə etməyi hədəfləyirlər”.

elxan sahinoglu

Elxan Şahinoğlu

Politoloq vurğulayıb ki, Ukrayna müharibəsinə görə Rusiya Qərbin sərt sanksiyaları altındadır:

“Sanksiyalar Rusiya iqtisadiyyatını taqətdən salır, Mərkəzi Bank faizləri qaldırıb, inflyasiya artıb. Bütün bunların fonunda Rusiyanın kiçik və kasıb Ermənistanla ticarət əlaqələrini sürətlə artırması diqqət çəkməyə bilməz. Böyük ehtimalla Rusiya Ermənistan üzərindən Qərbin bir sıra ölkəsi ilə alış-verişini davam etdirir.

Rusiya ona lazım olan texnologiyaları Ermənistan üzərindən əldə etməyə çalışır. Nikol Paşinyan hökuməti işin içindədir və bu sövdələşmələrdən faydalanır. Paşinyan bununla həm ölkəsinin qazancını artırır, həm də Kremllə münasibətlərin gərginləşməsinin, ona qarşı çevriliş planlarının qarşısını almış olur. Belə olan halda bir-birini tənqid edən Moskva ilə İrəvanın “səmimiyyətinə” inanmaq olmaz”.

Turan Rzayev
Globalinfo.az