Hacıyev və Əmirbəyovun Aİ həmləsi – Nə danışılıb?

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib.

Görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqovun da yer alması diqqət çəkib.

Maraqlıdır, görüş hansı məqsədlə təşkil edilib? Görüşdə Elçin Əmirbəyovun iştirak etməsi nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanla Aİ arasında çoxşaxəli əməkdaşlıq formatları mövcuddur:

“Azərbaycan 20 ildən artıqdır ki, Aİ ilə əməkdaşlıq edir. 2022-ci ilin iyulunda Azərbaycanla Aİ arasında imzalanan memoranduma əsasən rəsmi Bakı ittifaqın əsas enerji təminatçısı olan ölkələrdən birinə çevrilib. Yaxın beş ildə Azərbaycanın Aİ-yə tədarük edəcəyi mavi yanacağın həcmi iki dəfə artırılacaq. Aİ özünün enerji təhlükəsizliyinin təminatında ölkəmizi əsas tərəfdaş kimi gördüyünü dəfələrlə bildirib.

2021-ci ilin dekabr ayından başlayaraq Aİ rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində üçtərəfli görüşlər keçirilib. Bu görüşlərdə sülh müqaviləsinin imzalanması üçün müəyyən addımlar atılıb”.

Politoloq xatırladıb ki, Azərbaycanla Avropa qurumları arasında soyuqluq var:

“AŞPA-nın Azərbaycana qarşı qərəzli, ikili standartlara söykənən rəftarı soyuqluğu yaradan başlıca səbəbdir. Bir həftə əvvəl Brüsseldə Aİ, ABŞ, Ermənistan arasında baş tutan görüş də Bakı-Qərb münasibətlərinin zəifləməsinə səbəb olub. Azərbaycan bu görüşlə bağlı narahatlığın ifadə etdi.

Ümumiyyətlə, ötən gün baş tutan görüşdə birdən çox məsələ – Aİ mülki missiyası, İttifaqın Ermənistana yardımları, regionda artan gərginlik və enerji siyasəti məsələləri müzakirə edilə bilər”.

Turan Rzayev
Globalinfo.az