14 min insanın bayram qərarı təəccübləndirdi – Sabiq nazirdən reaksiya

Baku TV-nin keçirdiyi sorğuda iştirak edən 23 min istifadəçinin 60 faizi Yeni il bayramını qeyd etməyəcəklərini bildirib. Bunu əhalinin sosial-iqtisadi vəziyyəti ilə əlaqələndirirlər.

Maraqlıdır, real sosial-iqtisadi vəziyyət sorğudakı kimidir, yoxsa?..

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, Yeni il şənliyini qeyd etmək hər insanın və ailənin daxili işidir:

“Kimlərsə bu günü təqvim dəyişikliyi hesab edib, adi qarşılayır. Mövcud sırada daha çox din adamlarını qeyd etmək olar. Əslində, bu bayram əsasən Sovetlər dönəminin yadigarıdır. Düzdür, qeyri-iş günü kimi qəbul edirik, amma bizim əsl bayramımız Novruzdur”.

Fikrət Yusifov

Sabiq nazir deyib ki, kimlərsə insanların sosial durumunu dəyərləndirmək istəyirsə, hər axşam Bakının müxtəlif guşələrindəki kafe-restoranlara və ya digər əyləncə yerlərinə baş çəksinlər:

“Görək ictimai iaşə obyektlərində oturmaq üçün yer tapa biləcəklərmi? Bəli, insanlarımız arasında aztəminatlılar da az deyil, lakin dediyim mənzərə bizə tamam başqa mətləblərdən xəbər verir.

Bu ilin 9 ayında Azərbaycana bundan əvvəlki illərin eyni dövrü ilə müqayisədə iki dəfədən çox avtomobil idxal olunub. Həmin avtomobillərin böyük qismini ucuz avtomobillər təşkil edir. Bəs həmin avtomobillər kimlərə satılır? Əgər insanlarımızın yaşam tərzində problemlər varsa, onda onlar avtomobili necə ala bilirlər? Ona görə belə birtərəfli sorğularla real mənzərə düzəltmək düzgün deyil”.

Zaira Akifqızı
Globalinfo.az