3500 manat?! Şuşaya onları göndərək! – Tural Abbaslı

Şuşada keçiriləcək Yeni il şənliyi üçün nəzərdə tutulan 2 nəfərlik paketin qiymətinin 2500-3500 manat aralığında olması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri həmin tədbirlərdə şəhid ailələri, qazi və müharibə veteranlarının iştirakının daha doğru olacağı haqda fikirlər irəli sürürlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, işğaldan azad edilən ərazilərdə şənliklərin, bayramların keçirilməsi təbii haldır:

“Torpaqlarımızın azadlığı, sevincin, həyatın geri qayıtması üçün bu qədər şəhid vermişik. Yəni torpaqlar həm də ona görə azad edilib ki, xalqımız orada xoş gün görsün. Lakin işğaldan qurtarılan torpaqlarda Yeni ili, digər bayramları qarşılayanların əsasən şəhid ailələri, qazilərimiz, müharibə veteranlarının olması, fikrimcə, daha məqsədəuyğundur, nəinki yalnız imkanlı şəxslərin…

Ümumiyyətlə, təşkilatçılar cəmiyyətdə qıcıq yaratmamaq üçün bu məsələni xüsusi diqqətdə saxlamalıdırlar. İnsanların sərbəst şəkildə o ərazilərə gedib-gəlmədiyi vaxtda bu kimi addımların atılması lüzumsuzdur”.

Safura Bənnayeva
Globalinfo.az