“Ətrafı məmura deyir, “əlinə imkan düşüb, özünə, övladlarına gün ağla”” – Hüquqşünas rəyi

Son vaxtlar məmurların rüşvət alması və korrupsiyaya yol verməsi barədə gedən müzakirələr, eləcə də DTX-nin Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi sözügedən məsələni növbəti dəfə aktuallaşdırıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, korrupsiyanı tam aradan qaldırmaq mümkün deyil, çünki dövlət vəzifəsində işləyərək qanunsuz əməllər törədib zənginləşmək istəyən şəxslər var:

“Əlbəttə, son zamanlar vəzifəyə təyin olunanların arasında kifayət qədər gənc, savadlı, dürüst insanlar var. Amma insan dürüst olsa belə, vəzifə bəzi şəxsləri korlayır. Özləri bunu istəməsə də, ətrafı, yaxınları “pul qazan, əlinə imkan düşüb, sabah belə imkan olmayacaq, özünə, övladlarına gün ağla” deyib beynini doldururlar. O da “bir dəfə edim, sonra etmərəm” deyib, korrupasiyaya yol verir”.

Hüquqşünas vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə aparmaq çətin olsa da, bu sahədə uğur əldə etmiş dövlətlər var:

“Dünya praktikasında məmur öz gəlir və xərc bəyannaməsini mütləq elan etməlidir: nə qədər gəlir əldə etdi, əmlakları hansılardır, il ərzində özü və ailə üzvləri hara nə qədər pul xərclədi – hamısının hesabatı verməlidir. Bu, çox vacibdir. Bizdə də məmurların gəlir və xərc bəyannaməsinin təqdim olunduğu müəyyən bir sayt olmalıdır.

Təəssüf ki, korrupsiya ilə məşğul olan şəxslər bir sıra hallarda əmlaklarını öz adlarına rəsmiləşdirmirlər. Buna görə də onların yaxınları, dostları da araşdırılmalı, ictimaiyyət, mətbuat nümayəndələri, ekspertlər məsələni diqqətdə saxlamalıdırlar. Bu halda məmur öz üzərində ictimai nəzarətin olduğunu bilib, korrupsiyaya, rüşvətə yol verməkdən çəkinəcək. Dövlət başçımız da dəfələrlə ictimai nəzarətin lazım olduğunu deyib”.

Zaira Akifqızı, Globalinfo.az