Zəngəzur uğrunda mübarizə pik həddə – Dünya nəhənglərinin savaşı dərinləşdi

Polish 20240330 210539918 900x506 1

Qlobal güclərin Zəngəzur intriqası artır. Rusiya, İran, Avropa, ABŞ – kvartet yenidən Azərbaycana qarşı birləşmiş kimi görünür. Dəhliz məsələsində əsas söz sahiblərindən biri Çindir. Pekin həm də iqtisadiyyat nəhəngidir.

Pekin bu cür qarışıq geopolitik vəziyyətdə dəhlizin açılması istiqamətində nə kimi təsirli tədbirlər görə biləcək? Azərbaycanın yaxın müttəfiqi Türkiyə hara qədər proseslərə təsir göstərmək iqtidarındadır? Bu dəhlizin açılması iqtisadi baxımdan Çinə hansı dividentlər gətirəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Zəngəzur dəhlizinin nə vaxt açılacağı və gələcək taleyi dünya nəhənglərinin mübarizələrinin nəticələrindən asılı olacaq:

“Rusiya, ABŞ, Fransa, Aİ və İranın Zəngəzur dəhlizi ilə bağlı maraqları həm bir-biri ilə toqquşur, həm də Azərbaycanın mövqeyi ilə ziddiyyət təşkil edir. Buna görə, hələ bir müddət Zəngəzur dəhlizi uğrunda mübarizənin davam edəcəyi istisna deyil. Azərbaycanın dəqiq siyasi kurs tutaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla imzalanacaq sülh sazişi mətnindən çıxarması olduqca doğru addım idi. Çünki bu dəhlizlə bağlı razılığın əldə olunmasını gözləmək sülh sazişinin uzadılmasına səbəb olacaq faktorlardan birinə çevriləməkdə idi”.

elcin

Elçin Xalidbəyli

Politoloq Çinin Zəngəzur dəhlizi ilə bağlı maraqlarına da aydınlıq gətirib:

“Çin Qərb və Aİ ilə iqtisadi, ticari əməkdaşlığını inkişaf etdirmək üçün Zəngəzur dəhlizi kimi nəqliyyat-kommunikasiya xəttinə ehtiyac var. Avropanı Asiya ilə birləşdirəcək bu dəhliz Çinin iqtisadi maraqları baxımından böyük önəm daşıyır. Pekin bu dəhlizin əsas təşəbbüskarları sırasında yer alır. Avropa dövlətləri də bu məsələdə Çinin mövqeyini nəzərə almaq məcburiyyətindədirlər. Çünki Pekin Asiyada Zəngəzur dəhlizindən ən intensiv istifadə edəcəyi gözlənilən dövlətdir. Əsas faktorlardan biri də Çinin Azərbaycanın strateji tərəfdaşlarındandır. Rəsmi Bakı və Pekin bu barədə saziş də imzalayıblar. Bu Zəngəzur dəhlizinin açılmasına yönəlik prosesdə iki ölkə arasında əməkdaşlığın inkişafına yönəlmişdir”.

E.Xalidbəyli qeyd edir ki, Türkiyə də Zəngəzur dəhlizinin açılmasında maraqlı olan dövlətlər siyahısında yer alır:

“Türkiyə hazırda öz xarici siyasətini və hədəflərini nisbətən fərqli istiqamətlərə yönəltmək məcburiyyətində qalıb. Yaxın Şərqdə baş verən hadisələr Türkiyənin diqqətini yayındırıb. Son vaxtlar rəsmi Ankara Cənubi Qafqazda əvvəlki qədər fəal deyil. Onun yenidən aktiv geopolitik oyunçu kimi dönüşü Zəngəzur dəhlizinin açılmasında həlledici rol oynaya biləcək faktora çevrilə bilər”.

xalid

Xalid Kərimli

İqtisadçı ekspert Xalid Kərimli isə məsələni iqtisadi aspektdən belə şərh edib:

“Dəhlizin İrandan, yaxud da Zəngəzurdan keçməsinin Çin üçün fərqi yoxdur. Çinə alternativ dəhlizlər, marşrutlar lazımdır. Bununla da öz məhsullarını alternativ satış imkanları verir. Rəsmi Pekin dünyada ixraca görə birinci yerdədir. Okean üzərindən bu siyasəti həyata keçirir. Loqistika, daşıma xərclərinin aşağı olması üçün fərqli yollar axtarır. Zəngəzur dəhlizinin açılması Türkiyə, İran, Rusiya və Azərbaycan üçün çox əhəmiyyətlidir. Naxçıvanla maneəsiz əlaqənin təmin olunması lazımdır. Birbaşa əlaqənin olmaması Azərbaycanı qonşu ölkələrin asılılığına salır. Türkiyə isə bu dəhliz vasitəsilə türk dünyası ölkələri ilə maneəsiz ticarətə sahib olacaq. Azərbaycanla ticarətdə yaxşı kanal tapmış olur. Rusiya da Türkiyə və Qafqazla birbaşa dəmiryolu xətlərinə malik olacaq. Sanksiyalara məruz qalan Kremlə Şimal-Cənub nəqliyyat dəhlizi üçün vacibdir. Rusiya bu yola nəzarəti özündə saxlamaqla digər ölkələri asılı hala salmaq istəyir”.

Safura Bənnayeva
Globalinfo.az