Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Çindəki görüşün pərdəarxası məqamları

Çin və Azərbaycan dövlətinin çox dərin əlaqələri var. 44 günlük müharibədən öncə, müharibə müddətində və sonra gedən proseslər də Çinin Azərbaycanla bağlı strateji planlarının və maraqlarının olduğunu göstərir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinə son səfərində də iki ölkə üçün olduqca mühüm prosesin bir çox detalları ortaya çıxdı. Hikmət Hacıyevin səfərinə verilən önəm, onun Çinin CGTN telekanalına müsahibəsi də diqqət çəkən məqamlardır.

Digər tərəfdən rəsmi Pekinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğu ilə bağlı həm yerli, həm də xarici analitiklər müxtəlif sistemli fikirlər səsləndirirlər.

Baş verənləri ümumiləşdirdikdə, bu proseslərin Zəngəzur dəhlizinin taleyinə müsbət təsir edəcəyini demək mümkündürmü?

Mövzunu Gloablinfo.az-a şərh edən politoloq Zeynal Əmrəliyev deyib ki, Çin Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra ikitərəfli əlaqələrin inkişafına diqqət yetirdi, xüsusilə iqtisadi – kommunikasiya əlaqələrində mühüm tərəfdaş kimi davranmağa başladı:

“Hazırda Bakı-Pekin əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan dövləti də Çinlə əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan Tayvan məsələsində Çinin mövqeyini müdafiə edir, “tək dövlət” layihəsini məsələnin həllində ən uyğun variant hesab edir. Rəsmi Pekin də hər zaman Azərbaycanın ərazi bütövlüyünü sıx müdafiə edib. Çin şirkətləri həvəslə Azərbaycan iqtisadiyyatına sərmayələr qoyurlar. Həmçinin iki ölkənin iqtidar partiyası – Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında sıx əlaqələr var. İki partiya nümayəndələri arasında tez-tez görüşlər keçirilir”.

Çinin CGTN kanalının “Mərkəz” proqramının xüsusi buraxılışı Azərbaycana həsr olunub

Hikmət Hacıyev Çinin CGTN telekanalına müsahibə verir

Politoloqun fikrincə, hazırkı mərhələdə Zəngəzur dəhlizində ən maraqlı ölkələrdən biri məhz Çindir:

“Çin qədimdən Avropa ilə geniş ticarət əlaqələri olan, dünyada yükdaşıma sahəsində böyük təcrübəyə malik ölkədir. Zəngəzur dəhlizi Çin üçün böyük şans deməkdir. Hazırda Azərbaycan və Çinin mövqeyi bu məsələdə üst-üstə düşür. Zəngəzur dəhlizinin açılması tək regional əməkdaşlıq formatının güclənməsinə yox, həmçinin dünya dövlətləri arasında iqtisadi-siyasi əlaqələrin inkişafına, Avropa-Asiya ticarət yollarının genişlənməsində də mühüm əhəmiyyət kəsb edəcəkdir. Təəssüflər olsun ki, qonşularımız İran və Ermənistan bu dəhlizin açılmasında maraqlı deyil və buna mane olmaq istəyirlər. Ancaq dünyanın aparıcı güclərinin maraq dairəsində olan bu məsələdə həmən dövlətlərin narazılığı heç bir işə yaramayacaq. Zəngəzur dəhlizinin açılmasını təmin edəcək dəhlizi açacaq lider məhz İlham Əliyevdir. Prezident dəfələrlə bu məsələdəki mövqeyini açıqlayıb. Dövlətimizin rəhbərinin necə qətiyyətli və prinsipial bir siyasətçi, sözünün ağası olduğunu bütün dünya bilir. Ona görə də əminliklə deyə bilərik ki, bu dəhliz mütləq açılacaq. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan-Çin əlaqələri daha da güclü şəkildə inkişaf edəcək, ticari əlaqələrimizdə də müsbətə doğru kəskin dəyişiklər olacaqdır”.

Safura Bənnayeva
Globalinfo.az