
“Donald Tramp prezident kreslosuna əyləşdikdən sonra Ukrayna mövzusunda ilk açıqlamasında bildirdi ki, Volodimir Zelenski sülhə hazırdır, Vladimir Putin isə yox. Onun sözlərinə görə, Putin sülhə razılıq verməməklə Rusiyanı məhvə aparır: “Onun işləri yaxşı getmir və bu, onu sevindirə bilməz… Çoxları müharibənin bir həftəyə bitəcəyini düşünürdü, amma artıq üç ildir davam edir… Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq…”
Tramp onu da əlavə edib ki, Rusiyanın 1 milyon, Ukraynanın isə 700 min itkisi var. Amma bu rəqəmlər bir az şişirtmədir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Şahin Cəfərli deyib.
Onun fikrincə, Tramp-Putin görüşündən və iki ölkə nümayəndələrinin təmaslarından sonra Ukrayna məsələsində anlaşma əldə etməyin mümkün olub-olmayacağı barədə təsəvvür yaranacaq:
“Rusiyanın hazırkı mövqeyi onu deməyə əsas verir ki, razılığa gəlmək olduqca çətin məsələdir. Çünki əvvəla Rusiyanın Ukraynada müharibəni dayandırmaqla bağlı şərtləri çox ağırdır və Tramp müharibəni tez bitirmək istəsə belə, bu şərtlərlə razılaşması mümkün görünmür. Əlbəttə, istənilən tərəfin maksimalist mövqeyi danışıqlar öncəsi taktika da ola bilər və masada geri addım atılması, güzəşt ehtimalı hər zaman var. Amma məsələ burasındadır ki, Rusiya tərəfi müzakirələrin təkcə Ukrayna ilə məhdudlaşmamalı olduğunu deyir. Putin hesab edir ki, ümumən “problemi doğuran səbəblər” Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır”.
Ş.Cəfərli deyib ki, Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir:

Şahin Cəfərli
“2021-ci ilin dekabrında Rusiya bu barədə təkliflərini ultimativ formada ABŞ və NATO-ya təqdim etmişdi. İndi belə görünür ki, Moskva müzakirələrin həmin mövzular əsasında aparılmasını istəyir. Tramp əlbəttə ki, nə Avropanın dərdinə yanır, nə də Ukraynanın. Amma ABŞ dövlətinin başçısı kimi Rusiyanın bu absurd tələbləri ilə razılaşması mümkün deyil. Həmin tələblərin nədən ibarət olduğu haqda müharibədən əvvəl geniş yazmışdım. Qısaca deyim ki, reallıqdan uzaq, Putinin imperialist təxəyyülünün məhsulu olan məsələlərdən söhbət gedir.
Əgər Rusiya məqbul şərtlərlə atəşkəsə “hə” deməsə, ABŞ sanksiya rejimini daha da ağırlaşdıra bilər. Yeni maliyyə naziri Skott Bessent ehtiyac yaranarsa, Rusiya enerji sektoruna daha sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirərək Bayden hökumətini bu məsələdə zəif davranmaqda qınayıb”.
Zaira Akifqızı
Globalinfo.az