Yay fəsli yaxınlaşır: rayonlarla bağlı həyəcan siqnalı – RƏSMİ AÇIQLAMA

Kür çayında suyun səviyyəsinin 3 metr aşağı enməsi Azərbaycanın regionlarında təsərrüfatla məşğul olan sakinlərin əsas probleminə çevrilib. Xüsusilə yay aylarında suvarma zamanı müəyyən problemlərin yaşanacağı təxmin edilir.

Təsərrüfatla məşğul olan Sabirabad rayon sakini Davud Quliyev Globalinfo.az-a bildirib ki, Kürdə suyun səviyyəsindən asılı olmayaraq təsərrüfatla bağlı bir neçə problem var:

“Məsələn, kanallar vaxtında qazılmır, nasoslara görə ciddi çətinlik yaşayırıq. Əvvəllər bizim ərazidə 4 nasos işləyirdi, su çatışmazlığı olmurdu. Hazırda 2-3 nasos var, onların da biri normal işləyir. Bizim kənddə daimi iki nasos olurdu, indi biri qalıb, onu da çox böyük əziyyətlə işə salırıq. Rayonun bir çox sakini bu məsələdən narazılığını bildirir. Təəssüf ki, tədbir görülmür. Yay aylarında havalar isinir, təsərrüfatı suvarmaq istəyəndə bu kimi problemlər çətinlik yaradır”.

D.Quliyev son bir neçə ildə kəndlərdə təsərrüfata diqqət göstərilmədiyini qeyd edib:

“Ən çox da rayonun aşağı hissəsində yerləşən Cəngən, Muğan Gəncəli, Təzəkənd, Çiçəkli kəndində təsərrüfatla məşğul olan hər kəs problemdən əziyyət çəkir. Son 5-6 ildir nəzarət yoxdur, suvarma sistemləri yenilənmir. Məsələn, Muğan Gəncəli kəndinə yeni nasos gətirilib, amma onu da işə salmaq üçün hər tərəfinə palçıq vururuq”.

Məsələ ilə bağlı Melorasiya və Su Təsərrüfatı İdarəsindən Globalinfo.az-a bildirilib ki, əsas problem Kür çayında suyun az olmasıdır:

“Sözügedən kəndlər Kürdəki nasoslar vasitəsilə suvarılır. Orada suyun qrafiklərlə verilməsi təmin edilib, amma ümumilikdə suyun verilməməsi Kür çayında azalma ilə bağlıdır. Qeyd etmək lazımdır ki, həmin kəndlərdəki nasoslar stasionardır, panton deyil. Panton nasosları hərəkət etdirmək, uzatmaq müəyyən qədər mümkün olur, amma stasionarlarda elə deyil. O kəndlərdə nasos sayı kifayət qədərdir, sadəcə, su azdır”.

Qurumdan suvarma sistemlərinin köhnəliyi ilə bağlı narazılıqlara da aydınlıq gətirilib:

“Ölkəmizdə suvarma sistemlərinin 1970-ci illərdə quraşdırılmasına baxmayaraq, hər il istismar tədbirləri görülür. Yerli istismar idarələrimiz, xüsusilə də Sabirabad Suvarma Sistemləri İdarəsi bu tədbirlərə uyğun olaraq kanalları təmizləyirlər. Cari təmirə uyğun beton kanalların çəkilişi həyata keçirilir.

Dünyada baş verən qlobal istiləşmə bizə də təsir edir. Məlumdur ki, ölkəmiz transsərhəd zonada yerləşir. Yəni bölgəmizdə formalaşan suyun 70%-i kənardan gələn böyük çaylar hesabına təmin olunur. 30% ehtiyat isə daxili çaylar və yağıntılar hesabına toplanır. Ölkə ərazisindən keçən ən böyük çaylardan biri Kürdür, burada su azalıb. Bu azalma da təsərrüfat sahəsinə təsir edir”.

Ayşən Mustafa
Globalinfo.az