Azərbaycanda dövlət qurumlarında çalışan və yaşı 65-dən yuxarı olan şəxslər güzəşt olunmadan təqaüdə göndərilir. Bu təcrübə ABŞ və Avropada da var. Amma təcrübəli insanların bilik və bacarıqlarından yararlanmaq olmazmı?
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Globalinfo.az-a bildirib ki, bu, tamamilə yanlış yanaşmadır:
“Azərbaycan insanının bir qismi avropalılara nisbətən uzun müddət sağlamlığını qoruyub saxlaya bilir. Bu məsələnin fizioloji tərəfidir.
Sosioloji aspektdən yanaşdıqda isə, hələ keçmiş təhsil naziri Misir Mərdanovun və sabiq səhiyyə naziri Oqtay Şirəliyevin dövründə müəllimlər, həkimlər 65 yaşında təqaüdə göndəriləndə mən bu məsələni bir qədər araşdırdım. Şamaxıda bir məktəbdə 65 yaşlı riyaziyyat müəlliminin şagirdləri hər zaman riyaziyyat təmayüllü ixtisaslara uğurla qəbul olurdu. Onu təqaüdə göndərib, dərsləri riyazi bilikləri çox zəif olan bir gəncə verdilər. Təəssüf ki, Azərbaycanda uzun müddət bütün pedaqoji təhsil müəssisələrinə gənclər rüşvətlə daxil oldu, rüşvətlə oxudu və təyinatı da rüşvətlə aldı. Orta məktəblərimiz belə saxta müəllimlərlə hədsiz dərəcədə dolmuşdu.
Həmçinin müvafiq sahə üzrə ən yaxşı ixtisaslaşmış həkimi axtaranda onun təqaüdə göndərildiyi məlum olur”.
Sosioloqun fikrincə, ən yaxşı həkim və müəllimlərimizi təqaüdə göndərmək Azərbaycan xalqına qarşı bir təxribatdır:
“65 yaş həkim və müəllimin daha təcrübəli vaxtlarıdır. Mənim yaşım 70-in üzərindədir, universitetdə dərs deyirəm, yerimə gələn gənc fənni mənim kimi tədris edə bilməz axı. Universitetdəki müəllimlərin bir çoxu təcrübəli müəllimlərdir. Demirəm ki, hamını saxlamaq lazımdır. Amma 65 yaşa çatanda həmin şəxsin təcrübəsi, dərs demək qabiliyyəti yoxlanılmalıdır. Və göstəriciləri yüksək olan, səhhəti yerində olan adamları qəti şəkildə təqaüdə göndərmək olmaz. Onlar xalqın yetişdirdiyi adamlardır”.
Gülnar Səlimova
Globalinfo.az