Yaponiya zəlzələsi dünyadakı hansı ocaqları oyada bilər? – Seysmoloqdan açıqlama

Yaponiyanın qərbindəki İsikava prefekturasında dalbadal güclü zəlzələlər baş verib. Yeraltı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub. Baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı isə 48 nəfərə çatıb.

Maraqlıdır ki, Yaponiyadakı zəlzələ dünyada hansı zəlzələ ocaqlarını oyada, böyük fəlakətlər yaşada bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan seysmoloq Ənvər Əliyev deyib ki, Yaponiyanın seysmik xətti ilə Cənubi Qafqazın seysmik xətti eyni deyil:

Ənvər Əliyev

“Avrasiya materikinin Şimal-Qərb və Cənub-Şərqindən, yəni Fransadan İndoneziyaya qədər olan ərazi Cənubi Qafqazın seysmik xəttini təşkil edir. Amma Yaponyanın daxil olduğu seysmoloji qurşaq Şimaldan Cənuba doğru Çkotkadan İndoneziyaya istiqamətlənib. Ona görə də Yaponiyada baş verən zəlzələ Cənubi Qafqazda hər hansı zəlzələ ocağı yarada bilməz”.

Ənvər Əliyevin fikrincə, bu zəlzələ ən ağır seysmik zonanı əhatə edir:

“Həmin zonaya yaxın olan ölkələr də var ki, bu vəziyyətdən təsirlənməsi istisna deyil. Dörd tərəfdən dənizlə əhatə olunmuş bu ölkədə zəlzələ ilə yanaşı sunami də olur. Sunami də daha böyük zərbə vuraraq minlərlə insanı məhv edir”.

Safura Bənnayeva
Globalinfo.az